Qarabağ və Şərqi Zəngəzurda işlər sıfırdan görülür

Yeni güzəştlər işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın genişlənməsinə birmənalı müsbət təsir göstərəcək


  İşğaldan azad edilən ərazilərdə sahibkarlar üçün daha bir güzəşt tətbiq olunacaq. Artıq istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər. 

İşıq, su, qaz və kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq. Yəni sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi zamanı 1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın hesabına qayıdacaq.
  İqtisadçı Fuad İbrahimli "Şərq"ə açıqlamasında bildirib ki, bu güzəşt işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın genişlənməsinə birmənalı müsbət təsir göstərəcək. Ekspert vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda işlər sıfırdan görülür və yenidən həyat qurulur:
"İstənilən biznes sahəsində güzəştlər paketinin olması həmin sektorun dirçəlişində, sözügedən bölgənin iqtisadi dövriyyəyə cəlb edilməsində birmənalı stimullaşdırıcı amildir. Bu, nəzəri və praktiki baxımdan institusional müstəvidə öz təsdiqini tapıb. İqtisadi baxımdan inkişaf etmiş ölkələr müəyyən ərazilərlə bağlı güzəştlər paketini tətbiq ediblər. Bunun ən gözəl nümunəsini İkinci Dünya müharibəsindən sonra Almaniyanın timsalında görmüşük. Məhz iş adamlarına, iqtisadi sahələrə imtiyazlar və güzəştlər sayəsində dövlət qısa zaman kəsiyində Avropanın lokomotivinə çevrilməyi bacardı. Azərbaycan da maliyyə dayanıqlığı olan bir dövlətdir. Təbii sərvətlərini iqtisadi dövriyyəyə cəlb edən bir ölkədir. Güzəşt layihələri sayəsində işğaldan azad edilmiş ərazilər həm iqtisadi, həm də sosial cəhətdən tam şəkildə ölkənin iqtisadi dövriyyəsinə cəlb ediləcək. Eyni zamanda investisiya mühitinin cazibədarlığı baxımından da bu tipli iqtisadi güzəştlərin tətbiqi çox önəmlidir. Ümid edirəm işgüzar sahibkarlar bu güzəştlərdən yararlanmağa çalışacaqlar".