Azərbaycanda güclü zəlzələ gözlənilirmi?


Respublika ərazisi 24 saat ərzində seysmik monitorinq altındadır

  Ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışıb. 
  Şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq Azərbaycanın seysmoaktiv zonada yerləşdiyini qeyd edib:  “Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə-belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7.5 bala qədər olma ehtimalı var”.
  C.Şəngörün proqnozu ictimaiyətdə ciddi narahatlıq yaradıb deyə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirib. Mərkəzin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı  sosial media hesabında yazıb ki, türkiyəli alimin verdiyi bu açıqlamanı Azərbaycanla bağlı hansı araşdırmalar apardıqdan sonra verdiyi bəlli deyil: “Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir. Seysmoaktiv bölgələr üçün isə vaxtaşırı, yeri, gücü heç kim tərəfindən əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan zəlzələlərin olması xarakterikdir və həmişə də olmaq ehtimalı var.  Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki, seysmologiya elmi bu suala cavab tapmayıb və bu, bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün var və onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyət davamlı məlumatlandırılır".
  V.Rafiqqızı zəlzələni öncədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını deyib. Onun sözlərinə görə,  kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, burada qeyri-adi bir şey yoxdur: “Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox "ekspertlər" Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanları narahat edir, təşviş yaratmağa çalışırdılar. Biz o zaman da bununla bağlı kifayət qədər açıqlamalar verdik ki, insanlarımız narahat olmasınlar. Çünki zəlzələ insanlarda təkcə qorxu yaratmır. Həm də psixoloji olaraq narahatlıqlar yaradır. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır".