Peşə təhsilinə maraq artıb


Çünki artıq gənclər alitəhsilli şəxslərə nisbətən əmək bazarında daha rahat iş tapa bilir


  Peşə təhsili sahəsində bizim üçün ən vacib məsələ onun əhatə dairəsinin genişləndirilməsi, daha çox vətəndaşımıza peşə təhsilinə çıxış imkanının verilməsidir. Bunu APA-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, son 5 ilin rəqəmlərinə baxsaq, görərik ki, hər il peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Bu tendensiya belə də davam edəcək: "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur. 2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq. Yəni təqribən tələbə sayı 28 minə çatacaq. Bu, bizim üçün çox böyük hədəfdir. 2022-2023-cü tədris ilində bizim tələbə qəbulumuz 19 min olub. Hazırda biz 2023-2024-cü il üçün tələbə qəbulunu planlaşdırırıq. Müvafiq qurumlarla razılaşdırma mərhələsindəyik. Bu il 26 min yerin ayrılması nəzərdə tutulur”.
  O qeyd edib ki, ikinci istiqamət peşə təhsilinin məzmununun və keyfiyyətinin qaldırılmasıdır: “Təhsilalanlar üçün daha keyfiyyətli məzmun hazırlanması, eyni zamanda təhsilverənlərin bilik və bacarıqlarının artırılması istiqamətində işlər görürük. Son 5 ildə 60-a yaxın yeni təhsil proqramı hazırlanıb. Məsələn, İT sahəsi üzrə, veb dizayner, elektronika ustası, kibertəhlükəsizlik, geyim üzrə dizayner və digər yeni ixtisasları göstərmək olar. Bu il də bir sıra yeni ixtisaslar təklif ediləcək. Eynilə biz bu ixtisasları verməklə yanaşı, təhsilverənlərin də bilik və bacarıqlarının artırılması istiqamətində bir neçə ildir həm ölkə daxilində, həm də xaricdə təlimlər təşkil edirik. Türkiyə ilə olan əlaqələr çərçivəsində son 2 ildə təqribən 70-ə yaxın müəllimimiz təlimlərdə olub. Bu il də bu proses davam etdiriləcək”.
  Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, peşə təhsili müəssisələrinə qəbul olunanların sayının artmasına səbəb son illər ərzində peşə təhsili istiqamətində həyata keçirilən islahatlardır. Təqdirəlayiq haldır ki, hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır: "Son bir neçə ildə yeni peşə təhsili müəssisələri açılıb və onların texniki təminatı yenilənib. Eyni zamanda xarici ölkələrlə bu sahədə bağlanan əməkdaşlıq sazişləri nəticəsində bu sahədə yeni dövr başlamış oldu. Gənclərin alitəhsilli şəxslərə nisbətən əmək bazarında rahat şəkildə iş tapa bilməsi bu istiqamətə olan marağı artıran səbəblərdəndir. Cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs ali təhsil almalıdır. Bəzən müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan vermək məcburiyyətində qalır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalıdır. Cəmiyyətdə peşə təhsilinin vacibliyinin, əhəmiyyətinin qəbul edilməsi üçün müəyyən işlərin sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların təhsilə cəlb edilməsi gələcək həyatlarını qarant altına almağa imkan verir. Tarixin müəyyən dövrlərində peşə təhsili sosial-iqtisadi inkişafda mühüm rol oynayıb. İkinci Dünya müharibəsindən sonra çökmüş iqtisadiyyatı yenidən dirçəltmək üçün bacarıqlı peşə təhsili mütəxəssislərinə ciddi ehtiyac yaranıb. İndinin özündə də  bütün ölkələrdə bu cür mütəxəssislərə olan tələbat danılmazdır. Bu, bizim üçün də keçərlidir. Hazırda ölkədə iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var. Qeyd edim ki, ölkədə kənd təsərrüfatının əksər sahələrinin inkişafı üçün hər cür şərait var. Bağçılıq, meyvəçilik, barama istehsalı, pambıqçılıq və s. sahələrə marağın artırılması və bu sahələr üzrə peşətəhsilli mütəxəssislərin hazırlanması ölkəmizin aqrar inkişafına böyük töhfə verə bilər".