"Beynəlxalq qurumların təmsilçiləri minalanmış əraziləri gözləri ilə gördülər" - Elman Məmmədov

"30 il ərzində Ermənistan işğal altında saxladıqları Azərbaycan ərazilərini təpədən-dırnağa minalıyıblar"


"Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfransın keçirilməsi çox vacib, dəyərli tədbir idi".

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. 

Deputat bildirib ki, tədbir Ağdamda keçirildi və xarici ölkələrdən qatılmış qonaqlar, beynəlxalq qurumların təmsilçiləri minalanmış əraziləri gözləri ilə gördülər: 

"Ağdamın ermənilərin tərəfindən necə dağıdılmasına, viran qalmasına yaxından tamaşa etdilər. Həm də bununla yanaşı, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə tanış oldular. Bu, çox mühüm məqamdır. Əyani surətdə, yerində dəlil-sübutlarla xarici ölkələrin təmsilçilərinə nümayiş olundu ki, 30 il ərzində Ermənistan işğal altında saxladıqları Azərbaycan ərazilərini təpədən-dırnağa minalıyıblar. Dünyada əraziləri minalanmış ölkələr içərisində Azərbaycan bəlkə də birinci yerdədir. Bu, bütün beynəlxalq qurumlar üçün çox ciddi həyəcan siqnalıdır. Ona görə də hesab edirəm ki, xarici dövlətlərin və qlobal təşkilatların təmsilçiləri işğalçı, yırtıcı, vəhşi Ermənistan qarşısında konkret tələblər qoymalıdır. 2020-ci ildə baş vermiş 44 günlük müharibədən xeyli zaman keçsə də, hələ də ermənilərin mina terroru davam edir. Ərazilərimizdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkarlanır. 302 nəfər vətəndaşımız mina terrorunun qurbanına çevrilib. Belə getsə, bu, son olmayacaq". 

Parlament üzvü vurğulayıb ki, "Böyük Qayıdış" prosesi gedir, insanlar öz doğma yurdlarına geri dönürlər: 

"Orada təsərrüfat işləri ilə məşğul olurlar. O baxımdan mina terroru çox riskli və təhlükəlidir. 30 il ərzində beynəlxalq güclər Ermənistanın nazı ilə oynadı, İrəvana təzyiq göstərmədi. İndi mina məsələsində yenə eyni mövqeyi tuturlar. Əgər müharibədən sonra minalanmış ərazilərin xəritəsi geri verilmirsə, bu, müharibə cinayəti hesab olunur. Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir, ciddi sanksiyalar tətbiq olunmalıdır. İşğalçı dövlət məcbur edilməlidir ki, mina xəritələrini versin və bu terrordan əl çəksin". 

Qeyd edək ki, Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans keçirilib və bəyannamə qəbul edilib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İşğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.