60-cı illərə qədər tikilən binalar yenilənəcək

Ramil Osmanlı: "Türkiyədə baş verən zəlzələlərdən sonra hökumət müvafiq icra hakimiyyətlərinə göstəriş verib"

  Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirilib. Verilən  məlumata görə, mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
  Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilib.

 Sherg.az-a qəzalı binaların sayının həddindən artıq  çox olduğunu vurğulayan əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, indiki halda o binaların sökülüb yerində yeni binalar tikilməsi və yaxud oradakı sakinlərin başqa binalarda məskunlaşdırılması məsələsi müəyyən investisiya proqramlarına bağlıdır:

  Hökumətin prioriteti ondan ibarətdir ki, Bakı şəhərində qısa müddətdə şəhərsalma tədbirləri sürətləndirilsin və köhnə yaşayış fondu yenilənsin. Bura “Xruşşovka” binalarla yanaşı, 60-cı illərə qədər inşa olunmuş “İtalyan”, “Minsk”, “Stalinqrad” layihələr və s. daxildir. Həmin layihələrin tədricən sökülüb sıradan çıxması, orada yaşayan insanların məskunlaşması məsələsi müzakirə obyektidir. Yəqin ki, müzakirələrin gedişatı və nəticələri barədə məlumat veriləcək. Bildiyim qədər, Türkiyədə baş verən zəlzələlərdən sonra hökumət şəhərsalma tədbirlərində boş ərazilərə, torpaq sahələrinə deyil, qeyd etdiyimiz istiqamətlərə diqqətin artırılması barədə müvafiq icra hakimiyyətlərinə göstəriş verib”.

  Əmlak ekspertinin sözlərinə görə, məsələnin  həlli üçün bu istiqamətdə fəaliyyət göstərən tikinti şirkətlərinə, investorlara müəyyən imtiyazlar verilməlidir. Təbii ki,   söhbət yerli investorlardan gedir: 

“İşlərin daha sürətli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə hətta lazım olarsa, bu investisiya proqramına qoşulan tikinti şirkətlərinə müəyyən vergi və digər güzəştlər tətbiq etmək olar. Müəyyən zamanlarda xarici investorların bazarda iştirakını müşahidə etmişik. Hesab edirəm ki, bu, ümumi bazar üçün yetərli deyil. Çünki onların sayı həddindən artıq az olub. Xarici investorların çox olması ölkəyə pul axınını artıra bilər, tikinti sektorunda rəqabətin güclənməsinə, şəhərsalma tədbirlərinin sürətlənməsinə gətirib çıxara bilər, məşğulluğun artmasına töhfə verə bilər. Eyni zamanda bazarda qiymətin optimallaşmasına gətirib çıxara bilər”.