Taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır

Güman edilir ki, bu, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, lakin qiymətlərin artmasına səbəb olmayacaq


  Son günlər Bakıda taksi fəaliyyəti ilə məşğul olan xarici şirkətlərlə, ümumiyyətlə, taksi fəaliyyəti ilə bağlı narazılıqlar artıb. Taksi sürücüləri, xüsusilə qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Vəziyyətdən çıxış yolu kimi müxtəlif təkliflər səslənsə də, hələ ki tendensiya dəyişməz olaraq qalır.
  Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  "APA-Economics"ə müsahibəsində taksi xidmətindəki çatışmazlıqlardan və tənzimləmədki çatışmazlıqlardan danışıb. 
  Nazirin sözlərinə görə, tənzimlənmədəki boşluqlar bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb: “Araşdırmalarımıza görə, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub. Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12 faiz aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35 faiz azalıb”.
  
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə “Sherg.az”ə açıqlamasında son illərdə taksi sahəsində bir çox müsbət dəyişikliklərin olduğunu deyib. Onun sözlərinə görə, hər şeydən əvvəl taksilər daha qənaətcil və kom
fortlu olub: 

“Əksəriyyəti hibrid maşınlardır və yanacaq xərci azdır ki, bu da öz növbəsində qiymətlərin aşağı düşməsinə imkan yaradıb. Bundan başqa, bu sahədə rəqabət güclü olduğundan və bazarda onlarla şirkət fəaliyyət göstərdiyindən müştərilər üçün həm çox sərfəli qiymətlər və keyfiyyətli xidmət formalaşıb. Qiymətlər o dərəcədə ucuzlaşıb ki, hətta 3-4 nəfərin yaxın bir yerə avtobusla getməsindən taksi ilə getmələri daha sərfəli olur. Bəzən qısa məsafələrdə 50 qəpik-1 manat arası qiymətlər olur ki, bu da müştərilər üçün həddən artıq sərfəlidir.
Lakin bu proses özü ilə problemlər də gətirib. Bu da taksi sürücülərinin günün əksər hissəsini işləməsi, yəni istismara məruz qalması və bir çox qeyri-peşəkar və qeyri-mədəni sürücülər tərəfindən sərnişinlərə qarşı qeyri-etik davranış, yolda qəza şəraitinin yaradılması və s. kimi məsələlərlə bağlıdır. Bu sahədə işə düzəlmək asan olduğundan və fiziki işlərə nisbətən xeyli asan və xeyli çox pul qazanmaq mümkün olduğundan, normal sürücülük təcrübəsi olmayan, normal psixologiyaya malik olmayan şəxslər də burada özlərinə yer tutub ki, bu da sərnişinlər arasında narazılıq yaradıb.
  Bir çox iş tapa bilməyən şəxslər kreditlə bir maşın alır, ya da şirkətlərdən gündəlik icarəyə götürür və başlayır işləməyə. Halbuki onların bir çoxunun psixoloji, fiziki sağlamlığı qaydasında deyil, sürücülük təcrübəsi demək olar ki, yoxdur. Əmək bazarındakı mövcud vəziyyət şirkətlərin sürücüləri istismara məruz qoymasını stimullaşdırır. Sürücülərin qarşısına ağır plan qoyulur və ya çox aşağı faiz verilir ki, sürücü də bu xərcləri çıxarmaq üçün sutkada 15 saat işləməyə məcbur olur. Psixi və fiziki gərginlik nəticəsində onlar stressli olur, sərnişinlərlə kobud davranır və qəzalara səbəb olurlar”.
  Ekspertin sözlərinə görə, mənfi məqamların da aradan qaldırılmasında tənzimləmələrin həyata keçirilməsi vacibdir. Ona görə də tənzimləyici orqan şirkətlər qarşısında müvafiq tələblər və standartlar qoymalı, onların təmin olunmasına nəzarət etməlidir: “Bunlar sürücülərin peşəkarlığı və sağlamlığı, normal əmək hüquqlarının və qanuni iş saatlarının təmin olunması, avtomobillərin texniki vəziyyətinin normal olması kimi tələblər ola bilər. Əgər bunlar təmin edilsə, bu sahədə daha sağlam və qanuni rəqabət yaranar, həm sürücülərin, həm də sərnişinlərin maraqları təmin olunar. İndiki vəziyyətdən qazanan tərəf isə aqreqator şirkətlərdir. Sərnişinlər üçün bu vəziyyət qiymət cəhətdən daha sərfəli olsa da, təhlükəsizlikləri cəhətdən ciddi problemlər var. Sürücülər isə planı çıxarmaq və özləri üçün də bir qədər pul qazanmağa görə həm fasiləsiz işləməyə, həm də maşını təhlükəli vəziyyətdə, yəni daha sürətlə sürməyə məcburdurlar. Düzdür, bəzi sürücülər bu yolla daha çox gəlir əldə edə bilir, lakin bu, onların sağlamlığı və sərnişinlərin həyatına təhlükə bahasına əldə olunur”.
  Taksi fəaliyyətinin müxtəlif ölkələrdə fərqli tənzimləndiyini xatırladan E.Bayramlı ümumi tələblərin eyni olduğunu deyib. Onun sözlərinə görə, taksi sürücüləri müvafiq lisenziya alır, tibbi müayinədən keçir, avtomobili normal standartlara cavab verir. Şirkətlər də sürücülərin əmək və istirahət hüquqlarını təmin edir, onların normal gəlir əldə etmək imkanlarını yaradır. Beləliklə, hər bir tərəf üçün sərfəli olur: “Avropa ölkələrinin çoxunda, həmçinin qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə, Qazaxıstanda və s. taksi sektorunda rəqabət mühiti güclüdür. Lakin ümumi qaydalar və tələblər var ki, şirkətlər haqsız rəqabətə girə bilmir, sürücülər istismar olunmur, sərnişinlərin rəyi və şikayəti mütləq nəzərə alınır. Əksər ölkələrdə taksi maşınları eyni rəngdə olur ki, bu da onların seçilməsini təmin edir. Sürücülərdən ən azı 3 illik sürücülük təcrübəsi tələb olunur. Maşınlar həm bayırı, həm də salonu çəkən kameralarla təchiz olunur.
  Azərbaycanda da bunun kimi vahid standartların hazırlanmasına və tətbiqinə ehtiyac var. İlk növbədə, taksi sürücülərinin işə qəbulu ilə bağlı normalar təmin olunmalıdır, daha sonra avtomobillərin texniki vəziyyəti qənaətbəxş olmalıdır, maşınlar kameralarla və aydın görünən fərqlənmə nişanları ilə təmin olunmalıdır. Ən əsası, sürücülərin gün ərzində 8-9 saatdan, həftədə 6 gündən artıq işləməsinə imkan verilməməlidir. Müştəriləri təhqir edən və onlara problem yaradan sürücülər cəzalanmalıdır. Müştəriyə dəyən zərərə görə şirkət kompensasiya ödəməlidir.
  Əgər bu kimi məqamların daxil olduğu vahid standartlar yaradılsa, bu sahədə vəziyyət daha da yaxşılaşar. Hazırkı rəqabətli mühiti və qiymətləri saxlamaq lazımdır, sadəcə, işin keyfiyyətini artırmağa, sürücülərin əmək hüquqlarının təmin olunmasına, sərnişinlərin təhükəsizliyinin qorunmasına ehtiyac var. Əgər bunlar təmin olunsa, taksi sahəsində hər tərəfin razı qaldığı ideal vəziyyət yaranar”.
“Hazırda Bakıda 30 min yaxın taksi maşını fəaliyyət göstərir. Bu gün taksi daşıyıcılarının 90 faizi müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir.
  Hazırda taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edilir ki, bu, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, lakin qiymətlərin artmasına səbəb olmayacaq”, - deyə ekspert əlavə edib.