Yaş həddinin 70-ə qaldırılması məşğulluğa da mənfi təsir göstərə bilər



  Əmək Məcəlləsinə dəyişiklik və dövlət büdcəsilə maliyyələşən təşkilatlarda işləmənin son yaş həddi 65-dən 70-ə qaldırılması təklif edilir.
  İqtisadçı-ekspert Əyyub Kərimli “Sherg.az”a açıqlamasında deyib ki, qanunvericilikdə yer alan müddəaya əsasən, dövlət qulluğunda çalışan şəxslərin əmək müqavilələrinin 1il-1 il olmaqla 5 dəfə artırılması nəzərdə tutulub. Bu isə hər hansı bir təşkilat əməkdaşlarının ümumi sayının 10 faizini ötməməlidir. 
  İqtisadçının sözlərinə görə, yaş həddinin 70-ə qaldırılması məşğulluğa mənfi təsir göstərə bilər: “Bu, gənc kadrların işlə təminatında ciddi problemlər yarada bilər. İstənilən bir təşkilatda çalışan yaşlı nəsil nümayəndələri təqaüdə çıxmalıdır ki, gənclər üçün vakansiya açılsın. Üstəlik də, bu gün ölkəmizdə pensiya yaşının azaldılması ilə bağlı ciddi tələb və təkliflər var. Həmçinin kadr potensialının yaşlanması dünyada gedən qlobal inkişaf tempinə və beynəlxalq təcrübəyə uyğun deyil”. 
  Millət vəkili Sabir Rüstəmxanlı da 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılması qaydasının əleyhinədir. Onun sözlərinə görə,  65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır: “Qanunda bu məsələ konkret əksini tapmalıdır. 65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz".