Küçə itləri ilə mübarizə düzgün aparılmır

Paytaxtda və bölgələrdə sahibsiz itlərlə bağlı vəziyyət çox acınacaqlıdır

  “Hər yer sahibsiz küçə itləri ilə doludur. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”.
  Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxış edərkən deyib. “Əvvəl sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”, - o, əlavə edib.
  Sahibsiz itlər faktiki olaraq uşaqlar üçün təhlükə, böyüklər üçün narahatlıq, səs-küy mənbəyidir. Həm də məişət tullantılarını ətrafa dağıtmaqla natəmizliyə səbəb olurlar.
  Qeyd edək ki, sığınacaqların sayının yetərsiz olması ilə əlaqədar sahibsiz itlərin yaratdığı problem bir çox yaşayış məntəqələrində müşahidə olunur. Xüsusən də, axşam saatlarında işıqlandırmanın zəif olduğu məhəllədaxili yollarda sahibsiz itlərin qorxusundan insanlar evdən çıxmağa ehtiyat edirlər. Bakının Səbail rayonunda, Xırdalan şəhərində, Bayıl, Mərdəkan, Biləcəri və xüsusilə də Masazır qəsəbələrində sahibsiz itlərin əlindən nəinki gecə, heç gündüz də küçəyə çıxmaq olmur. Masazır qəsəbəsi isə it dişləməsi faktına görə ön sıradadır. Sakinlər sahibsiz itlərin əlindən artıq məktəbə getməyə də qorxurlar.

  Sosioloq Qabil Babayev “Şərq”ə açıqlamasında Azərbaycanda küçə itləri ilə mübarizənin düzgün aparılmadığını deyib. Onun sözlərinə görə, paytaxtda və bölgələrdə sahibsiz itlərlə bağlı vəziyyət çox acınacaqlıdır: 

“Bəzi hallarda sahibsiz itlərin insanlara hücum etməsi xəbərini eşidirik. Bu, heç bir halda əhəmiyyətsiz hadisə hesab oluna bilməz.  
  Aidiyyəti qurumlar paytaxtda və bölgələrdə xüsusi plan əsasında bu məsələnin həlli yolunda addımlar atmalıdır. Sahibsiz itlərin küçələrdən ziyan vermədən yığışdırılması işini icra müvafiq qurumlar təşkil etməli, mexanizm yaratmalıdırlar, əhali isə bu işdə yaxından kömək etməlidir. 
  Küçə itlərinin ən humanist yollarla sayı tənzimlənməlidir, təhlükəli infeksion xəstəliklərə qarşı peyvəndləmə proqramı həyata keçirmək lazımdır, itlər üçün sığınacaqlar yaradılmalıdır, məktəblərdə, universitetlərdə, televiziyalarda sahibsiz itlərlə düzgün davranış qaydaları aşılanmalıdır, maarifləndirici söhbətlər aparılmalıdır. Çox zaman uşaqlar heyvanların hücumuna məruz qalır. Buna görə də uşaqları sahibsiz heyvanlara yaxın durmağa, onları hirsləndirməyə və ya onları qidalandırmağa çalışmağa icazə verməməlidir. 
  Qonşu ölkələrdə, eləcə də Avropanın paytaxt şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər”.