Avtomobillərin utilizasiyası yəqin ki, könüllü olacaq

Dövlət heç kimin köhnə avtomobilini məcburi olaraq əlindən almayacaq

  Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqının alınması nəzərdə tutulur. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
  Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu da yaradılacaq. Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb. Bu Qanunun 14-8-ci maddəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır. 
  "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-4-cü maddədə isə Reyestrdə qeydiyyata alınmaq üçün tələblər əksini tapıb.
Yeni maddəyə əsasən, reyestrdə qeydiyyata alınmaq üçün vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq tələb olunacaq.
  Eyni zamanda nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafiq ərazilərə malik olmalıdır. 
  Məsələni şərh edən ekspertlər də avtomobillərin utilizasiyasının çox ciddi iqtisadi proses olduğunu bildiriblər.
 
 Nəqliyyat eksperti Eldəniz Cəfərov da “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub.

  Ölkəmizdə avtomobil parkının köhnə olduğunu vurğulayan ekspert utilizasiyaya ciddi ehtiyac olduğunu deyib: “Əks halda avtomobil parkı tamamilə köhnələcək. Onu da deyim ki, utilizasiya böyük sosial-iqtisadi proqramdır. Hər ölkə bu proqramı həyata keçirə bilmir. Bunun üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Azərbaycan da iqtisadiyyatının dayanıqlılığına güvənərək utilizasiya proqramı hazırlayır. Amma nəzərinizə çatdırım ki, utilizasiya proqramları daimi olmur. Müvəqqəti, 3-5 il müddətində həyata keçirilir. Bir sıra ölkələrdə utilizasiya məcburi xarakter daşısa da, yəqin ki, Azərbaycanda könüllü olacaq. Dövlət heç kimin köhnə avtomobilini məcburi olaraq əlindən almayacaq”. 
  Ekspert deyib ki, istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınması və utilizasiyası fondunun yaradılması təcrübəsi beynəlxalq təcrübədə də əks olunub. 
  E.Cəfərovun sözlərinə görə, utilizasiya proqramının tətbiqindən əvvəl Azərbaycanda utilizasiya sənayesinin yaradılması gözləniləndir: "Utilizasiyaya gedən avtomobillərdən sökülən ehtiyat hissələri ya təkrar emala verilməli, ya da xaricə satılmalıdır. Bunu ekosistemin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi  üçün uğurlu addım hesab edirəm".