Onlayn fırıldaqçılıq: Müasir oğurluq sənəti 



Hadisələrin sayının artmasına səbəb vətəndaşların məlumatsızlığı və sadəlövhlüyüdür


  Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosial kampaniyalar barədə saxta reklamlar paylaşılır. Vətəndaşlardan kampaniyada iştirak üçün göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.










Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az" açıqlamasında deyib ki, onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığı və sadəlövhlüyüdür: əgər vətəndaş kartından pul çıxılma, oğurluq, dələduzluq və s. bu kimi hallarla üzləşibsə, aid olduğu banka məlumat verilməli, həmçinin kart hesabı dəyişdirilməlidir. Daha sonra hüquq-mühafizə orqanlarına şikayətlərini bildirməlidirlər ki, dələduzlar tapılaraq cəzalandırılsınlar: “Bu gün sosial şəbəkələrdə hər bir insanın istədiyi məlumatı reklam şəklində, pul vəsaiti yatırtmaqla yaymaq imkanı var. Ona görə də problem geniş vüsət alır. Dələduzların toruna düşməmək üçün elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin. Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var".