"Göyçə-Zəngəzur Respublikası” təxribatı: Məntiqsizdir!

Qondarma “respublika”nın yeni prezidenti istintaqa çəkilib

  Özbaşına “Göyçə-Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olunub. “Göyçə-Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilib.
  Qeyd edək ki, qondarma “Göyçə-Zəngəzur Respublikası”nın arxasında duranlar Azərbaycan dövlətinin güclü və qüdrətli olmasını istəməyən, diplomatik təcrübəsi, hərbi-siyasi manevr qabiliyyəti ilə ölkəmizin daha da qüvvətlənərək inkişafını arzulamayan, bölgəyə sülh, sabitlik və əmin-amanlığın gəlməsinin qarşısını almaq istəyən dövlətlər və güclərdir.
2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə-Zəngəzur Respublikası”nın yaradıldığını elan edib, onun "respublika"nın dövlət başçısı olduğu, həmçinin "respublika"nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilib.  Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində "respublika"nın nümayəndəliyinin açıldığı bəyan edilib.
  2023-cü ilin yanvar ayında “Göyçə-Zəngəzur Respublikası” və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun "Göyçə-Zəngəzur Respublikası"na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlanıb. 

  Millət vəkili Azər Badamov “Sherg.az"a açıqlamasında deyib ki, Qərbi Azərbaycana qayıdışla bağlı dövlət siyasətinə uyğun Qərbi Azərbaycan İcması yaradılaraq inzibati bina ilə təmin olunub: “Qərbi Azərbaycan İcması yarandığı gündən tarixi torpaqlara qayıdışla bağlı çox effektli iş aparır. Biz Qərbi Azərbaycana dinc yolla, beynəlxalq hüquqa söykənmiş fəaliyyətlə qayıdacağıq. Bu məsələ ilə bağlı beynəlxalq müstəvidə uğurlu iş aparıldığı halda “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması adı altında  təxribata əl atmaq məntiqsizdir. Bu özfəaliyyəti yaradanların məqsədi nə olduğu məlum deyil. Ona görə də müvafiq qurumlar tərəfindən bu özfəaliyyətlə məşğul olanlar barəsində araşdırma aparılmalı və  təxribatçı əməllərinə hüquqi müstəvidə qiymət verilməli olduğunu hesab edirəm”.