Heç vaxt bir yerə yığışıb Bəyi ziyarət etməyəcəklər - Tural Abbaslı

Avqustun 22-i mərhum Prezident Əbülfəz Elçibəyin vəfatının növbəti  ildönümüdür. Şübhəsiz ki, həmin günlər Bəyi ailə üzvləri, yaxınları, sevənləri və ayrı-ayrı partiyaların rəhbərləri, idarə heyətləri ziyarət edəcək. 

Lakin bir məsələ var ki, müxalif partiyaların rəhbərləri Elçibəyi birgə anmaq əvəzinə, günün müxtəlif saatlarında Birinci Fəxri Xiyabana üz tutmağı seçirlər. 

Onlar bir araya gəlmir, yaxud da gəlmək istəmirlər. Uzun illərdir ki, vəziyyət bu yerdədir. Bəs bu durum niyə dəyişmir və ya dəyişmək istəmirlər ?

Daim birliyi, bütövlüyü , qardaşlığı təbliğ edən eks- prezidentin məzarı başına ayrı - ayrılıqda, kiçik qruplar şəklində yığılmaq  nəyə gərəkdir?

Bu  məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, bu, lap əvvəldən qoyulan ənənə ilə bağlıdır:

“Rəhmətlik Elçibəyin öz partiyası neçə yerə parçalandı. Hələ kənar qüvvələri, cəbhədən çıxmayan digər partiyaları qırağa qoyuram. Cəbhənin özündəki partiyalar arasında həmrəylik olmayıb. Görünür, indiki məqamda, hətta Elçibəy obrazı ətrafında belə müxalifətin birləşmək sevdası yoxdur. Bu, həm də hamını özündə birləşdirən obrazın müxalifətdə olmadığının göstəricisidir. Əbülfəz Elçibəy dünyadan köçəndən sonra müxalifətdən bir siyasi lider çıxmadı ki, bütün qüvvələri öz ətrafında birləşdirib, özünü qəbul etdirə bilsin. Həmçinin, mənəvi varis olmadı ki, insanlar onun ətrafında toplaşsın. Ona görə də hamı ayrı-ayrı ziyarət edir.  Hələ ziyarət edirlərsə, bunun özü böyük işdir. 
O dönəmin nəşr olunan qəzetlərinə nəzər salsaz, görərsiz ki, indi Elçibəyin kölgəsində gizlənənlərin çoxu sağlığında onun əleyhinə yazılar yazırdı. Onun əleyhinə kampaniyalar aparır, çıxışlar etdirirdilər. İndi onun şəklini niyə başlarının üstünə vururlar?  Çünki onun adından, kölgəsindən bügünkü siyasətdə istifadə etmək istəyirlər. Bir misal var, deyir, sağlıqlarında ata-anasına  normal yemək vermirdi, yas mərasimində banan alıb masaya qoyur. Səmimi sevgi olmayan yerdə səmimi birlik də olmaz. Mən inanmıram ki, nə vaxtsa  hamı yığışıb, səmimi şəkildə Bəyi  ziyarətə gedəcək. Və deyəcəklər ki, ən azından bu ideya ətrafında birləşiblər. Yaxın gələcəkdə də bunun olacağına inanmıram. Hər bir halda Elçibəyi, Məhəmməd Əmin Rəsulzadəni cəmiyyətin bütün siyasi üzvlərinin qəbul  etməsi hələlik ən üstün nüansdır”.