"Kosmos əsri"ndə Şamaxı Rəsədxanasının pərişan halı

"İnsanlar Aya, Marsa uçur, necə ola bilər ki, bizim uşaqlara "Astronomiya" fənni tədris edilməsin?"

“Bu günlərdə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçiləri ilə söhbət etmək imkanım oldu. Çox da məyus oldum”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb.

Rəsədxana işçilərinin maaşının az olmasından təəssüflənən ekspert qeyd edib ki, kosmosda resursların bölüşdürülməsi uğrunda amansız mübarizənin getdiyi bir vaxtda astrofizika üzrə, səma problemləri üzrə, kosmos üzrə elmi araşdırma aparan əməkdaşa verilən əməkhaqqının 500-600 manat olmasının heç bir elmi əsaslandırması yoxdur:

 “Hələ üstəgəl, elmi tədqiqatlarla bağlı şəraitin, imkanların da günün tələbləri səviyyəsində olmaması, perspektivlərin dumanlı olması təəssüratı yarandı.
Rəsədxana bir il öncə Prezidentin fərmanı ilə AMEA-dan alınaraq ETN tabeliyinə verilib. Bir il öncə təhsil naziri Emin Əmrullayev də burada olub. Əməkdaşlar bu dəyişikliyin müsbət təsirlərini gözləsələr də, hələlik heç nə dəyişməyib.

 Yeni Əsasnamələrindən də heç bir xəbər yoxdur. Yeri gəlmişkən, uzun illərdi ki, ölkəmizdə "Astronomiya" fənninin ayrıca fənn olaraq tədrisi də NK-nın qərarı ilə dayandırılıb. Kosmos məsələləri üzrə agentliyi olan ölkənin, dünya kosmos ailəsinin üzvü olan ölkənin, bütün dünyanın astronavtika ailəsinin bir-iki aydan sonra toplaşacağı ölkənin, nəhayət, rəsədxanası olan ölkənin "Astronomiya" fənninin də tədris proqramlarından çıxarılmağı xeyli düşündürücüdür”.

Astronom Nazim Həsənov isə “Sherg.az"a açıqlamasında deyib ki, "Astronomiya" fənni səma cisimlərini öyrənən bir sahə kimi orta ümumtəhsil məktəblərində tədris olunurdu: “Lakin Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində "Astronomiya” ayrıca fənn kimi tədris fənlərinin sırasından çıxarıldı. 2019-cu ildə bu məsələyə yenidən baxılsa da, yenə də "Astronomiya" fənninin tədrisi lazımsız hesab olundu.
Mən də bir çox mütəxəssislər kimi astronomiyanın orta məktəb proqramından çıxarılmasını düzgün hesab etmirəm. Həmin vaxtlar da bu məsələ ilə bağlı öz narazılıqlarımı dilə gətirdim. Bir neçə dəfə təkliflər göndərilsə də, hələ də bu fənn tədris proqramına yenidən daxil edilmir.
Axı biz kosmos əsrində yaşayırıq, insanlar Aya, Marsa uçur, digər planetlərə köç etməyə hazırlaşır, necə ola bilər ki, bizim uşaqlara "Astronomiya" fənni tədris edilməsin?
Bu fənn astronomiya dünya sivilizasiyasının aparıcı sahələrindən biridir. Xüsusən də, indiki “Kosmos əsri”ndə belə bir fənnin məktəblilərə öyrədilməməsi arzuolunan hal deyil. Rəsmilər belə açıqlama verir ki, "Astronomiya" fənn kimi ləğv olunsa da, "Həyat bilgisi" dərsliklərinin məzmununda müəyyən dərəcədə əksini tapıb. Amma orada sadəcə ilkin bilgilər haqqında qısa məlumatlar yer alıb. Ümumi Günəş sistemi ilə bağlı müxtəlif dərsliklərin tərkibində tədris olunan məlumatlar belə köhnədən qalmadır. Halbuki bu sahə ildən-ilə yenilənir.
Bu il Beynəlxalq Astronomiya Konfransı Azərbaycanda təşkil olunacaq. Bu, ölkəmiz üçün kifayət qədər böyük bir hadisədir. Amma “Astronomiya” fənni olmayan bir ölkədə belə bir konfransın keçirilməsi də absurd görünür. Bu tədbirin Azərbaycanda astronomiya sahəsi üçün ciddi bir təkan olacağına və fənnin tədrisə qaytarılacağına ümid edirəm. Başa düşmək olar ki, 2010-cu ildə Azərbaycanda bu sahəyə maraq az idi, kosmik inkişafımız, peykimiz belə yox idi. İndi ki mobil rabitəmiz, kosmik peyklərimiz var”.