"Söhbət Laçın və ya Ağdam-Xankəndi yolundan getmir"

Asəf Quliyev: "Azərbaycan ərazisində yaşayan istənilən etnik qrup və ya millətin humanitar tələbatını məhz Azərbaycan ödəməlidir"

Ermənistan Bakını Laçın yolunu “tamamilə bağlamaqda” və ərazidə humanitar problemin yaranmasında ittiham edir. Xüsusilə də, son aylar Qarabağ ermənilərinin liderləri Laçın yolu bağlanandan sonra bölgədə “humanitar fəlakət” yaşandığını iddia edirlər. Guya, Qarabağda ərzaq, gündəlik tələbat malları və dava-dərmanın kəskin qıtlığı yaranıb. Rəsmi Bakı isə dəfələrlə Qarabağın təchizatı üçün Ağdam marşrutunu təklif edib, lakin ermənilər təklifi rədd ediblər. Etirazçılar qeyd edib ki, Azərbaycanın Ağdamdan humanitar yardım gətirməsi bölgəni tədricən onun nəzarətinə keçirəcək və bundan sonra erməni əhalisi buradan köçməli olacaq.

Siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, bu məsələdə prinsipial olan Laçın yolu və ya Ağdam-Xankəndi yolu deyil. Bu məsələdə prinsipial olan zəruri humanitar yüklərin Qarabağ ermənilərinə kimin tərəfindən təqdim olunmasıdır: “Son günlərin ən çox, hətta BMT Təhlükəsizlik Şurasında da müzakirə olunan mövzusu Ermənistandan Qarabağa göndərilən humanitar yüklərin daşınması marşrutudur.
Erməni tərəfi iddia edir ki, Qarabağda yaşayan ermənilər humanitar fəlakətlə üz-üzədirlər və oraya zəruri mallar daşınmalıdır.
Azərbaycan tərəfi vəziyyətin fəlakət həddində olduğunu qəbul etməsə də, zəruri yüklərin daşınmasını məqbul hesab edir.
Rəsmi Bakı hesab edir ki, Azərbaycan ərazisində yaşayan istənilən etnik qrup və ya millətin humanitar tələbatını məhz Azərbaycan ödəməlidir, hansısa qonşu və ya qonşu olmayan ölkə yox.
Söhbət İrəvandan Laçına qədər gətirilmiş yüklərin hardansa dövrə vuraraq Ağdamdan keçərək Xankəndiyə çatdırılmasından getmir. Amma təəssüf ki, bəzi həmkarlarımız və hətta analitiklərimiz, ekspertlərimiz Laçın yolu ilə Ağdam-Xankəndi yolunun istər məsafə, istərsə də digər komponentlərini müzakirə perimetrinə çevirməklə məsələnin mahiyyətindən yayınırlar.
Məsələnin mahiyyəti isə odur ki, Azərbaycan dövləti Azərbaycan ərazisində yaşayan şəxsin və şəxslərin zəruri humanitar tələbatını ödəməyə borcludur və buna hazırdır”.