Özbəkistan Türkiyəni də geridə qoydu

Bu ölkə Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib
 
 Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib. Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksəksəviyyəli danışıqlar və digər tədbirlər keçirilib. Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktik əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

  Füzuli və Şuşa şəhərlərinə birgə səfərlər, eləcə də digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

  Özbəkistan Prezidentinin ölkəmizə səfərini şərh edən ekspertlər Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb.
  
İki ölkə arasındakı strateji münasibətlərin son illər daha da dərinləşdiyini vurğulayan millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, son 5 ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsi son 5 ildə hər il əvvəlki ilə nisbətən artıb: “ 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9, 2020-ci ildə 82.3 və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər.
  Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb. Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Bu isə tərəflərin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcək. Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir”.
  İqtisadçı-ekspert Eldəniz Əmirov isə hesab edir ki, Özbəkistan nəinki Türkiyəni, hətta bütün ölkələri geridə qoyaraq Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib.
  Ekspertin sözlərinə görə, Azərbaycanın ticarət apardığı 240-dan çox ölkədən təxminən 100 ölkə ilə illik dövriyyəsi 1 milyon dollardan çoxdur: “ Özbəkistan məhz bu 100 ölkə arasında son 6 ildə Azərbaycanla ticarət dövriyyəsini 1200 faiz artırıb. 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə ötən il 183,3 milyon dolları ötüb. Yalnız Avstraliya bəzi illərdə Özbəkistandan üstün artım sərgiləsə də, bunun davamlı olmamasına görə onu dinamik adlandırmaq olmaz.
  Ötən gün Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda və energetika nazirləri arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair imzalanan Yol Xəritəsi ölkələr arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçdiyindən xəbər verir. Çünki iqtisadiyyat nazirinin olduğu biznesforumda ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair aparılan müzakirələr və imzalan sənədlər, eyni zamanda energetika nazirinin imzaladığı 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlıq ölkələr arasında ciddi perspektivdən xəbər verir, deyə bilərik. Qalır, bu proseslərin kağız üzərindən reallığa çevrilməsi. Bu isə işin çətin və məsuliyyətli tərəfidir. İstər biznesforumdan, istərsə də imzalanan yol xəritəsindən gözləntilərin gercəkləşməsi üçün aidiyyəti qurum rəhbərlərindən tutmuş, həmin qurumlarda çalışan əməkdaşlara qədər, eləcə də bu və ya digər formada bu proseslərlə əlaqəli olan bütün subyektlərdən gərgin əmək və zəhmət tələb edir. Çünki böyük işlər üçün böyük zəhmət və davamlı əmək mütləqdir”.