Ölkə ərazisində baş verən zəlzələ təkanları zaman-zaman təkrarlanır. Bu isə insanlar arasında təlaş yaradır. Onlar yaşadıqları mənzilləri tərk edərək küçələrə axın edirlər.
Bu gün də gecə saatlarında maqnitudası 5-ə yaxın olan zəlzələ Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli "Sherg.az"a açıqlamasında bildirib ki, zəlzələ zamanı heç bir dağıntı olmayıb:
"Zəlzələ 35 km dərinliyində olduğuna görə elə fəsadların olması gözlənilən deyil. Həm də maqnitudası da 4.9 olub. Gecə baş vermiş təkandan sonra ocaqda avtoşoklar, hiss olunmayan təkanlar oldu. Güclü enerji boşalması getdi. Orada olan gərginliyin boşalması dəlalət verir ki, növbəti güclü təkanın olma ehtimalı yoxdur. Xırda təkanlar isə həmişə var. İçərilərində hiss olunanı da ola bilər. Amma heç bir qorxusu və təhlükəsi olmadığına görə panikaya düşməyə ehtiyac yoxdur".