Yerli ermənilər, İrəvan ermənisindən də pis olub - RƏY

Şuşada aşkar edilən məzarlıqları detallı, sistemli müayinə etmək lazımdır

“Şuşanı azərbaycanlı əsirlərin işgəncəsi, əzab verilməsi və qətli qalasına çeviriblərmiş. Qaniçən ermənilərin dinc insanlara qarşı dəhşətli vəhşilikləri saysız-hesabsızdır”

  Azərbaycanın artıq işğaldan azad edilmiş Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. 17 şəxsə aid sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skelet hissələri şəklində tapılıb.
  Həbsxananın ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da ermənilərin həmin şəxslərə ağlasığmaz üsullarla işgəncə verdiklərini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı məlum olub ki, qətlə yetirilmiş azərbaycanlıların bədənləri üzərində güllələnmə izlərinin olduğu, onlara müxtəlif küt və kəsici-deşici alətlərdən istifadə edilməklə zərbələr endirilib. Hətta ekspertiza zamanı döyüldükləri, başlarının kəsildiyi, üstlərinə itlər buraxıldığı, yaralı və halsız olanlarının donuzlara yedizdirildiyi və bu kimi digər amansız işgəncələr verildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi, daha dəqiqi meyitlərinin təhqir olunaraq Şuşa türməsinin ərazisindəki çirkab suların yığıldığı quyuya atıldığı aşkarlanıb.
  Kriminalist İlqar Altay “Sherg.az"a açıqlamasında deyib ki, aşkarlanan faktların hamısı işgəncə əlamətidir:

 “Belə görünür ki, işğaldan və onlara himayədar dəstəkdən ruhlanıb azğınlaşmış ermənilər, bu dövrdə Şuşanı azərbaycanlı əsirlərin işgəncəsi, əzab verilməsi və qətli qalasına çeviriblərmiş. Əslində, vəhşi erməni xislətini, erməni faşizminin mahiyyətini anlamaq üçün təkcə Xocalı soyqırımını göz önünə gətirmək kifayət edir. Ancaq aşkarlanan kütləvi məzarlıqların mövcudluğu göstərir ki, ermənilərin müharibə cinayətləri bəşəriyyət üçün utanc məqamı olan Xocalı faciəsi ilə məhdudlaşmır, bu qaniçənlərin dinc insanlara qarşı dəhşətli vəhşilikləri saysız-hesabsızdır.
  Ancaq mən, 1991-ci ilin yayında, 3 ay Şuşada tanınmış rəhmətlik prokuror Şükür Rzayevin rəhbərlik etdiyi istintaq qrupunda olarkən, Şuşa həbsxanasında, müxtəlif cinayətlərlə əlaqədar həbsdəki ermənilərlə əsla belə rəftar edilmirdi. Hətta, günahı yüngül olanlar, açılıb buraxılırdı. Bununla belə, elə o dövr erməni qruplaşmaları bizim yerli Qarabağ əhalisinə qarşı çox qəddar, çox aqressiv idilər. Qətlləri, girov götürmələri ilə. Hətta yerli ermənilər, İrəvan ermənisindən də çox!
  Keçmiş işğal zonası və Şuşada aşkar edilən bu məzarlıqları, insan qalıqlarını fikrimcə, diqqətli, detallı, sistemli müayinə etmək lazımdır. İnsan qalıqları, ən müasir ekspertiza və analizlərdən keçirilməlidir. Genetik identifikasiya yolu ilə bu qalıqların mənsub olduğu - qətlə yetirilmişlərin kimliyinin və onların doğmalarının da müəyyən edilməsi üzrə iş aparılmalıdır. Və bütün bunlar, fakta görə yeni, konkret cinayət işi açılması ilə tutarlı, rəsmi fakt kimi dünyaya göstərilməlidir. Sonda, bu qazıntıları aparan bütün qurumlara, xüsusən də, ümumvətən əhəmiyyətli ağır, çətin və çox vacib işlərinə görə məhkəmə-tibb ekspertlərinə, hüquqşünas-kriminalistlərə, xoş minnətdarlığımı bildirirəm. İşləri davamlı olsun”.