O insanlar xoşbəxtdir...

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Laçın dövlətimizin iqtisadi gücü sayəsində dirçəlir

Cocuq Mərcanlı və Ağalıdan başlayan “Böyük Qayıdış” karvan Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərə qədər uzanacaq

  Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç baş tutub.
  Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.
  Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
  Zabux kəndində bütün kommunikasiya xətləri yeraltı həyata keçirilib. İstiliyi qorumaq üçün isə bütün yaşayış evləri termoizolyasiya olunub. Evlərin damlarında günəş panelləri quraşdırılıb.
  Uzun illər ərzində yurd həsrəti yaşamış insanların indi üzü gülür, sevinc çöhrələrində bərq vurur, onlar qürurla və ləyaqətlə doğma torpaqlara qayıdır, gələcək haqqında düşünürlər. Bənzəri olmayan, heç bir sözlə ifadə edilə bilməyən xoşbəxtliyə qovuşurlar.
  Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub. Əsrlər boyu azərbaycanlılar yaşayan kənd Qarabağ yaylasında Həkəri çayı ilə Zabux çayının qovuşuğunda yerləşir və çox vaxt ona Çayqovuşan da deyiblər. Keçmiş sovet dönəmində kənd çayın o biri tayındakı Alxanlı dərəsinə qədər böyüyüb və burada da evlər tikilib. Rayondakı ikinci ən böyük körpü Zabux çayın üzərində olub. 1992-ci il mayın 18-də Ermənistan tərəfindən Laçın rayonu bütünlüklə işğal edilib.
  İşğaldan sonra xeyli vaxt Zabux kəndi boş qalıb, ermənilər azərbaycanlıların mal-mülkünü qarət edib, bir çox evləri uçurublar. Sonradan Ermənistan bu kənddə də qeyri-qanuni məskunlaşma aparıb və daşnaklar 2003-cü ildə burada kilsə tikiblər. Qədim tarixi olan Zabuxu erməniləşdirməyə cəhd ediblər. 2006-cı ilin statistikasına görə, kənd əhalisinin sayı 570 nəfər olub. Əhali Zabuxda əsasən əkinçilik, heyvandarlıq, tütünçülük, bağçılıqla məşğul olub. Kəndin su tutar bərəkətli torpaqları var. Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşı olan iki ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən nadir ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu. Təəssüf ki, erməni faşistləri bu meşələri də məhv ediblər.
  Azərbaycanın hərbi-siyasi üstünlüyü nəticəsində bir güllə atılmadan erməni işğalından azad edilən Laçın şəhəri, Zabux və Sus kəndləri 2021-ci il avqustun 26-da burada qeyri-qanuni məskunlaşan ermənilərdən təmizləndi. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında və ətraf kəndlərdə erməni təcavüzünün ağır nəticələri aradan qaldırılır, düşmənin taladığı və dağıtdığı yurd yerləri yenidən dirçəldilir, həyat əhəmiyyətli infrastruktur yenidən qurulur, əhalinin öz evlərinə qayıdışı üçün tikinti-quruculuq işləri sürətlə aparılır. Dövlətimizin əsas məqsədi keçmiş məcburi köçkünləri tezliklə doğma diyara qaytarmaqdır. Bu gün keçmiş məcburi köçkünlər iftixarla deyir ki, Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdırıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Qeyd edək ki, artıq Laçın şəhərinə əhali qaytarılır, ilin sonuna kimi həm də Zabux və Sus kəndlərinə əhalinin ilkin köçürülməsi nəzərdə tutulub. İlkin mərhələdə Laçın şəhərinə təxminən 600 ailə, Zabux kəndinə 223 ailə, Sus kəndinə isə 73 ailə köçürüləcək. İnfrastruktur layihələrin uğurla və sürətlə icra edilməsi heç də təsadüfi deyil. İki il yeddi aydır ki, Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihələrin icrasına və dövlət proqramlarının yerinə yetirilməsinə, çoxyönlü tədbirlərə Prezidentimiz İlham Əliyev birbaşa özü rəhbərlik edir. Ölkə başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması və bərpası, yaşayış yerlərinin yenidən tikintisi və bərpası məqsədilə yaşayış məntəqələrinin baş planları hazırlanır və tikinti işləri davam etdirilir.
  “Laçın şəhəri 2022-ci ilin avqustun 26-da Azərbaycanın nəzarətinə keçəndən sonra dövlət başçısının göstərişinə əsasən, burada quruculuq işlərinə start verdik. Təxminən 3 aydan sonra buraya gəldik, quruculuq, abadlıq işlərinə başladıq”.
  Bunu Laçının Zabux kəndində APA-nın Qarabağ bürosuna açıqlamasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov deyib.
Onun sözlərinə görə, Zabuxda əvvəlcə planlama, ardınca tikinti-quruculuq işlərinə başlanıb. 81 hektar ərazidə 223 evdən ibarət kənd salınıb. 223 evin 53-ü 2 otaqlı, 116-sı 3 otaqlı, 28-i 4 otaqlı, 26-sı 5 otaqlıdır: ”Həmçinin, bir uşaq bağçası, 50 yerlik, inzibati bina, tibb məntəqəsi və gördüyünüz bu gözəl böyük ərazidə yerləşdirilmiş park və sair salınıb. 3 aşırımlı, 73 metr uzunluğunda körpü tikilib. Bunların hamısı 5 ayın içində başa gəlib. İlk baxışda bu, bir qədər inandırıcı görünmür. Amma bu, reallıqdır. Qısa zamanda quruculuq işləri bu qədər peşəkarlıqla görülüb. Burada çalışanlar Vətən sevgisini, torpaq həsrətini gördükləri işlərdə fədakarlıqları ilə büruzə verirlər”.
  Qeyd edək ki, bu gün Laçının Zabux kəndinə ilk köç yola salınıb. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin köçü həyata keçirilib.
  Sözügedən ailələr üçün yola salınma mərasimi Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3”-dəki məktəbin qarşısında baş tutub.
  Xatırladaq ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
  Millət vəkili Elman Məmmədov “Sherg.az"a açıqlamasında deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb

“Dövlətimizin hərbi-siyasi gücü nəticəsində erməni tapdağından azad olan Laçın bu gün də dövlətimizin iqtisadi gücü sayəsində çiçəklənir və şaxələnir. Nənə-babalarından bu torpaqların adını nağıllarda eşidən balaca uşaqlar artıq həmin yerləri özləri görəcək və şəhidlərimizin onlara əmanət etdiyi bu torpaqlarda böyüyəcəklər.
  Bizim hər birimiz doğma yurd-yuvamıza qayıtmaq həsrəti ilə yaşayırıq. O insanlar xoşbəxtdir ki, artıq onlara qayıdış nəsib olub. Cocuq Mərcanlı və Ağalıdan başlayan “Böyük Qayıdış” karvan Laçına, Füzuliyə yola salınır. Bu Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərə qədər uzanacaq. İşğaldan azad etdiyimiz bütün ərazilərimizə qayıdışlar tədricən, hissə-hissə başlayıb və proses getdikcə sürətlənəcək. Bütün infrastruktur yaradılır, enerji təminatı, su və qaz təchizatı, rabitə və təhlükəsizlik məsələlərinin həlli davam edir. Bunlardan heç də az vacib olmayan işlə təminat məsələləri ki var, onlar da həll olunur. O cümlədən səhiyyə və təhsil obyektləri hazırlanıb istifadəyə verilir. Qısası, bu məsələlər kompleks şəklində həllini tapır”.

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc olunub