Almaniya vətəndaşlığına qəbul asanlaşdı

Görünür hökumət qaydaların kifayət qədər sərt olduğunun fərqinə varıb
 
 İndi dünyada daha çox tələb olan sahələrdən biri də miqrasiyadır. Əsasən, inkişaf etməkdə olan ölkələrin vətəndaşları inkişaf etmiş ölkələrə gedirlər.
 
 Azərbaycandan da başqa ölkələrə üz tutanlar artır. Vətəndaşlar arasında Almaniyaya marağın çox olduğundan bu sahədə tətbiq olunan yeniliyi mütəxəssislərlə araşdırdıq.
  Əvvəlcə məlumat verək ki, Almaniyada Nazirlər Şurası hər kəsə ikili vətəndaşlığa icazə verən və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini təsdiqləyib. Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşlıq qanununun müasirləşdirilməsi” layihəsi ilə əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ artıq hər kəsə şamil ediləcək.

  Qanun layihəsi Bundestaqdan (parlamentdən) keçərsə, əcnəbilərin Almaniya vətəndaşlığına qəbulu şərtləri də yüngülləşdiriləcək.
  Müvafiq olaraq, vətəndaşlığa qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək.
İşdə və ya təhsildə uğur qazananlar, ölkədə könüllülükdə səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.
Almaniyanın liberal cəmiyyət dəyərlərinin və qanunlarının qəbulu, sosial müavinətlər olmadan özünü və ailəsini dolandırmaq Almaniya vətəndaşlığını almaq üçün şərtlərdəndir.
  Antisemitizm, irqçilik, ksenofobiya və ya digər qeyri-insani hərəkətlərlə məşğul olanlara Almaniya vətəndaşlığı verilməyəcək.
  Bundan əlavə, çoxarvadlı olanlar və ya konstitusiyada kişi və qadın bərabərliyinə zidd hərəkət edənlər vətəndaşlığa alınmayacaq.
  
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov isə “Sherg.az"a açıqlamasında deyib ki, Almaniyada miqrasiya vətəndaşlığı kifayət qədər sərtdir: “2001-ci ilə qədər Almaniyada vətəndaşlıq almaq istəyən miqrantlar üçün imkanlar geniş, qanunvericilik liberal idi. 2001-ci ilin martından sonra qanunvericilik sərtləşdirildi. Əfqanıstanda, İraqda, Liviyada, Suriyada tüğyan edən proseslər, hərbi toqquşmalar səbəbindən Almaniya istiqamətində mühacir axını güclənməyə başladı. Bu axının qarşısını almaq üçün də Almaniya hökuməti ildən- ilə miqrasiya ilə bağlı şərtləri mürəkkəbləşdirməyə başladı. Hətta elə bir mərhələyə çatdı ki, əcnəbilərə vətəndaşlıq vermək üçün qoyulan vaxt müddətinə qədər bir və ya bir neçə ildən bir məhkəməyə çağırılırdı.
  Yəni əcnəbi vətəndaşla ailə qurarkən isə xarici vətəndaşa bir müddət müvəqqəti yaşamaq hüququ verilir. Hansısa ölkənin vətəndaşı alman vətəndaşı ilə ailə qurub həmin ölkəyə köçürsə, o zaman Almaniyaya gələn əcnəbi vətəndaşa konkret müddətdə müvəqqəti yaşamaq hüququ verilir. Göstərilən müddət başa çatdıqdan sonra isə əcnəbi vətəndaşın bu ölkədə qalıb-qalmayacağına Almaniya məhkəməsi qərar verir”.
  Ekspertin sözlərinə görə, məhkəmədə alman vətəndaşları ilə nikahda olan əcnəbilərin ailə vəziyyəti dəyərləndirilib onlara növbəti ilə keçid üçün icazə verilirdi: “Məhkəmənin qərarından öncə, ailənin hansı statusa malik olması araşdırılır. Həmçinin, ailənin hansı şərtlərlə yaşadığı və hətta ailənin maddi gəlirləri belə nəzərə alınır. Hətta psixoloqlar cütlüklərlə söhbət etdiklərini və vətəndaşlıq almaq xatirinə qurulan ailə münasibətlərini aşkar etmək iqtidarındadır. Yalnız bütün bu proseslərdən sonra Almaniya vətəndaşlığı verilir. Əgər məhkəmədə Almaniya vətəndaşı əcnəbi həyat yoldaşından xırda bir narazılıq etsə, həmin şəxsə vətəndaşlıq verilmirdi. Lakin görünür Almaniya hökuməti qaydaların kifayət qədər sərt olduğunun fərqinə varıb. 8 il kifayət qədər uzun bir müddətdir. Müddətin 5 ilə endirilməsi daha az məhkəmə və daha az gözləmə müddəti deməkdir”.