Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov Priqojin və Utkinin qəzadan xeyli əvvəl öldüyünü, onların meyitlərinin soyuducuda saxlanıldığını bildirib.
O qeyd edib ki, Priqojini həbs ediblər, işgəncə verib daha sonra öldürüblər.
Onun sözlərinə görə, Priqojin qiyamdan dərhal sonra öldürülüb, tərəfdaşlarını sakitləşdirmək üçün isə saxta foto və videolarını düzəldiblər.
Məsələni "Sherg.az"a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, hər hansı rus ekspertin fikirlərini müzakirə etmək düzgün sayılmaz:
"Bu bir versiyadı, irəli sürüb. Ola bilər ki, bunun da öz əsası var. Priqojinin ölümü ilə bağlı çoxlu fərziyyələr mövcuddur. Hətta fərziyyələr faktlardan daha çoxdur. Ona görə bu mövzunu şişirtmək düzgün olmazdı. Bu bir layihə idi. Hər bir layihənin əvvəli və sonu olur. Bu da layihənin sonu idi. Düşünürəm ki, keçmişdə qalan hadisədir. Məsələnin getdikcə əhəmiyyəti azalacaq".