Mişelin dediklərində yeni bir şey yoxdur - ŞƏRH

O elə Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri səsləndirib
 
 Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir. Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib. Bəyanatda deyilib ki, cənab Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib: “Xüsusi Nümayəndə Klaar və Prezident Mişelin komandası girişin açılması istiqamətində həll yolu hazırlamaq üçün Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır”.
  Bəyanatda həmçinin Şarl Mişelin Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklifi də xüsusi vurğulanıb: “Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib. Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu elementlər üzrə müzakirələr liderlərin 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən son görüşündən sonra başlayıb”.
  
Politoloq Yeganə Hacıyeva isə “Sherg.az”a  açıqlamasında deyib ki, Aİ Şurasının prezidenti Şarl Mişelin dediklərində bizim üçün yeni bir şey yoxdur. O elə Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri səsləndirib: “Şarl Mişel Ermənistan və Azərbaycan danışıqlarında Brüssel formatının çərçivəsində təşviqçisi və bir sıra irəliləyişlərin əldə oluması üçün ciddi səy göstərmiş biridir. Üçtərəfli razılaşmanın imzalanmasından sonra tərəflər arasında baş tutan görüşlərdə əldə olunan iki ciddi razılaşmada Aİ prezidentinin səylərini qeyd etmək lazımdır.

  Avropa İttifaqı Brüssel formatında baş tutan görüşlərdə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

  Daha sonra isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitdə Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyıb.
  Konkret məsələyə gəldikdə isə Azərbaycan humanitar məqsədlər üçün Qarabağdakı ermənilərin Laçın yolunun istifadəsinə qarşı çıxmayıb.
  Yolun şəffaflıq və təhlükəsizlikyin təminatı üçün Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurub, yüklərin daşınmasında optimallığın təmin olunması üçün isə Ağdam-Xankəndi yolunun açılmasını şərt olaraq təklif edib.
  Başda Şarl Mişel olmaqla Avropa İttifaqı Şurası və digər Aİ təsisatları rəhbərləri də bunu qəbul edib.
  Lakin Fransa uzun müddətdir Avropa Birliyinin bu istiqamətdəki mövqeyini parçalamaq üçün ciddi addımlar atır. Buna ilk gündən can atan, Fransa, hətta Azərbaycanla Ermənistan arasındakı danışıqların Brüssel formatında yox, Fransanın moderatorluğu ilə keçirilməsi görüntüsü verməyə çalışırdı.
Xatırladım ki, 2021-ci il noyabr ayında hərbi təxribatdan sonra Aİ məsələyə cəlb olunanda ilk təmas məhz onlayn Fransanın moderatorluğunda baş tutdu.
 
 Azərbaycan buna razı olmadı və format çərçivəsində ilk görüş məhz üçün 2022-ci ilin aprel ayında Brüsseldə baş tutdu.
  
2022-ci ilin sentyabr ayındakı gərginlikdən sonra Praqada təşkil olunan görüşdə isə bölgəyə müşahidəçi missiyasının göndərilməsi məsələsi müzakirə olunanda Fransa canfəşanlıq edərək fransız polislərin Azərbaycanla Ermənistan arasındakı sərhədə Aİ-nin müşahidəçi qismində göndərilməsinə nail oldu və biz mütəmadi olaraq təxribatlarına şahid oluruq”.

  Y.Hacıyevanın sözlərinə görə, ümumiyyətlə, son 3 ildə Fransa erməni yalanlarını dünya ictimaiyyətində qabartmaqla Avropa Birliyinin Cənubi Qafqazdakı maraqlarını öz maraqları naminə zədələyib. Əslində Fransanın bu mövqeyi bizim üçün təəccüblü deyil. 30 il müddətində ATƏT-in Minsk qrupunda təmsil olunan Fransa erməni maraqlarının müdafiəsindən çıxış edib: 

“Bu günlərdə Fransanın təşəbbüsü ilə Madriddə Avropa Birliyi xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Laçın yolu ilə bağlı hər hansı bir sənədin qəbul olunması təşəbbüsləri mövcuddur.

  Həmin görüşdə AB Şurasının prezidentinə təzyiq formatında məktub nəzərdə tutulur. Onlar Aİ prezidentini Laçın yolu ətrafında yaşanan gərginliyə daha “faydalı” mövqe nümayiş etdirməyə çağırıblar . Bu təşəbbüslər Fransanın xarici işlər nazirindən gəlsə də, Almaniya XİN başçısının da bu təklifi dəstəkləməsi təəssüfləndiricidir.

  Bütün bunlar isə Fransa Prezidenti Emmanuel Makronun özünü Avropa Birliyində nüfuzlu siyasətçi kimi göstərmək istəyindən qaynaqlanır.
  
Amma Makron unudur ki, Fransa Avropa İttifaqının təhlükəsizlik və güc strukturlarının yox, çirkli maliyyə institutlarının nümayəndəsidir”.
 
 Sözügedən məsələdə Şarl Mişelin Fransaya təsir imkanlarına gəldikdə isə Y.Hacıyeva deyib ki, Aİ-də təmsil olunan 27 müstəqil ölkədən hər hansı birinin Birliyin maraqlarının əleyhinə verdiyi qərarlar daha öncə Böyük Britaniyanın AB-dən çıxmasına səbəb olmuşdu. Fransa da Aİ-dən bundan şantaj vasitəsi kimi istifadə edir. Halbuki Fransa dövlətdən daha çox dünyanın maddi-mənəvi resursları uğrunda mübarizə aparan bir neçə ailənin idarə etdiyi müstəmləkəçi bir biznes təşkilatıdır. 21-ci əsrdə Fransanın Afrikada törətdiyi cinayətlər də göz önündədir.