"Azərbaycan dili və Ədəbiyyatı” Forumu - Ütülü fikirlər?!

Əsəd Cahangir razı qalıb

Səsləndirilən fərqli və tənqidi fikirlərin olması da bu Forumun əhəmiyyətini sübut edir

“Ütülü fikirlər, əvvəlcədən hazırlanmış çıxışların olmaması panelin daha canlı və rəngarəng olmasına zəmin yaratdı”

  Sentyabrın 1-dən sentyabrın 3-nə kimi ölkəmizdə H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirildi. Sentyabrın 1-də Şamaxıda açılan Forum sonrakı iki gün ərzində paytaxtımızın Gülüstan Sarayında öz işini davam etdirdi. Bir-birindən maraqlı panel müzakirələri açıq dialoq və səmimi polemika şəraitində keçdi. Mədəniyyətin müxtəlif istiqamətləri üzrə aktual problemlərin müzakirə olunduğu panel toplantılarında görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri maraqlı çıxışlar ediblər. “Azərbaycan dili və Ədəbiyyatı” Forumu çağdaş Azərbaycan ədəbiyyatının klassik ənənələri və müasir innovativ trendləri, qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunması və inkişaf etdirilməsi mexanizmləri, teatr və kino sənayesinin inkişafında ədəbiyyatın rolu, nitq mədəniyyətinin inkişaf etdirilməsi, mütaliə vərdişlərinin aşılanması və stimullaşdırılması və s. kimi vacib məsələlər çıxışların əsas mövzularını təşkil edib.
  Ədəbi-tənqidçi, esseist Əsəd Cahangir “Sherg.az"a açıqlamasında
forumu çox təqdirəlayiq hadisə kimi dəyərləndirib: “Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində üç günlük silsilə səciyyəsi daşıyan çox mötəbər və möhtəşəm bir Forum oldu.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Onu əhəmiyyətli edən ilk məqam isə Forumun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilməsi idi.
  Üç gün baş tutan Forumda müzakirələr aparılan bölmələrin hər biri həqiqətən cəmiyyət tərəfindən də diqqət çəkən və müzakirə doğuran məsələlər idi.
  Forumda Azərbaycan dili, ədəbiyyatı, teatr, uşaq ədəbiyyatı və s. bu kimi məsələlər müzakirə olundu.
   Çıxışçıların da hər biri öz sahəsinin tanınmış nümayəndələri idi. Zalda iştirak edən ziyalılar da polemik suallarla tədbiri daha da canlandırdılar. Ümid edirəm ki, bu Forum Azərbaycan dili və ədəbiyyatının gələcək inkişafına müsbət təsirini göstərəcək. Forumda müvafiq sahələr üzrə səlahiyyət sahibi olan şəxslər də iştirak edirdi. Hətta mühüm bir qismi də çıxışçılar sırasında idi. Gün üzünə çıxarılan bütün probemlərdən hamının özü üçün bir nəticə çıxartdığını güman edirəm”.
  Ə.Cahangir Forumda “Azərbaycan dramaturgiyası, teatr və kinosu” panelində çıxış edib, bu sahədəki problemlərdən bəhs edib: “Təkcə mən yox, bizim paneldə çıxış edən dramaturq-yazıçı İlqar Fəhmi, yazıçı-dramaturq Əli Əmirli, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, ədəbiyyatşünas, esseist Azər Turan, yazıçı Vasif Yolçuyevin də çıxışları böyük maraqla qarşılandı. Ütülü fikirlər, əvvəlcədən hazırlanmış çıxışların olmaması panelin daha canlı və rəngarəng olmasına zəmin yaratdı. Digər panellərin də eyni səciyyə daşıdığına əminəm. Polemikaya meydan verilməsi, bir-birinə zidd çıxışların olması, eyni zamanda Forum barədə səsləndirilən fərqli və tənqidi fikirlərin olması da bu Forumun əhəmiyyətini sübut edir. Bütün bunlar ölkəmizdəki söz azadlığı, demokratiya, fikir plüralizminin bir əlamətidir.
  Forum Azərbaycan mədəniyyəti ilə qürur duyan, ona himayədarlıq edən, onun təbliği və tədqiqi naminə bütün mümkün vasitələrdən istifadə edən və nəticə etibarı ilə Azərbaycan mədəniyyətini dünyaya tanıdan Heydər Əliyev cənablarının ruhuna, 100 illik yubileyinə layiq bir tədbir idi”.