Dilsiz-ağızsız heyvandan belə istifadə edirlər...

Ermənilər dünya ictimaiyyətinə də sübut etdilər ki, terrorçu  dövlətdirlər

Ermənilər itə partlayıcı qurğu bağlayıb mövqelərimizə göndəriblər.

Qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq  Xocavənd rayonu istiqamətindəki mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
  
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyi bəyan edir ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk.
  
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında deyib ki, bu terror aktı ictimai-siyasi arenada ciddi qınaqla qarşılanıb:

 “Prezidentin köməkçisi Hikmət Hacıyev çox haqlı olaraq  Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib.
 Dilsiz-ağızsız bir canlıdan istifadə edib uzaqdan istifadə edilən bomba ilə hərbi qulluqçularımıza qarşı terror aktına cəhd ediblər. Bu, bir daha sübut edir ki, ermənilər dünya ictimaiyyətinə yalan məlumatlar yayaraq özünü sülhsevər toplum kimi  təqdim etsə də, terrorçu  bir dövlətdir. Ermənistan hər addımında  beynəlxalq hüquqa  tüpürür, buna rəğmən demokratiyadan və insan hüquqlarından danışan dövlətlər onların bütün özbaşınalığına göz yumur. Heç kim bizə zəmanət vermir ki, bu gün  itin boynuna bomba bağlayıb Azərbaycan əsgərinə qarşı sui-qəsd planlayan ermənilər sabah  işğaldan azad olunan torpaqlarımızda yaşayan, özünün torpaq sahəsini əkib-becərən mülki vətəndaşlarına qarşı da bu cür terror aktları  törətməyəcək. Bu hadisəyə sıradan bir erməni təxribatı  kimi yanaşıb ötüb keçmək düzgün deyil. Terror aktını aktlaşırıb dünya ictimaiyyətinə  təqdim etməliyik. Xüsusən də, heyvanların hüquqlarını qoruyan çoxsaylı beynəlxalq  qeyri-hökumət  təşkilatlarına, eyni zamanda hüquqi və siyasi təşkilatlara çatdırmalıyıq. Hansı ki terrorun istənilən növü beynəlxalq hüquq tərəfindən qadağan  olunub və bütün dövlətlərin qanunvericiliyində ən ağır cinayət hesab olunur. Ermənistanın sözdə sülh, əməldə isə terrorla ilə məşul olduqlarını faktlarla biz həmin təşkilatlara göstərməliyik”. 
  
“Ermənilər boynuna mina bağlanmış heyvanı mövqelərimizə göndərməklə beynəlxalq hüququ kobud şəkildə pozublar”.

Bunu isə  “Report”a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, 1980-ci ildə qəbul olunan BMT konvensiyasının 2 saylı protokolunda adi silahların bəzi növlərinin istifadəsinin qadağası və məhdudlaşdırılması ilə bağlı xüsusi müddəa var: “Həmin sənəddə mina tələlərindən istifadə qadağa edilib. Dünənki hadisə də birbaşa mina tələsidir. Eyni zamanda 2018-ci ildə qəbul olunmuş BMT konvensiyasına görə, heyvanların sağlamlıqlarının və hüquqlarının qorunması nəzərdə tutulur. Ermənilər beynəlxalq hüququn bu iki tələbini pozublar”.
  
Ekspertin sözlərinə görə, bu hadisə sərt şəkildə qınanılmalıdır:

“İş orasındadır ki, bu, ilk belə hadisə deyil. İllər əvvəl Tovuzun Əlibəyli kəndində uşaqlar çayda oyuncaq taparaq evə gətirmişdilər. Oyuncaq partlaması nəticəsində 13 yaşlı uşaq həlak oldu və anası yaralandı. Bu da mina tələsinin bir növü idi. Görünür, ermənilər belə əməllərə artıq adət ediblər”.
 
 H.Səfixanov düşünür ki, ermənilər mina terrorundan geniş istifadə edirlər: “Gələcəkdə də oxşar həmlələr təkrarlana bilər. Ona görə də insanlarımız diqqətli, ayıq-sayıq olmalıdırlar. Düşmənimiz kifayət qədər məkrlidir. Onlar hərbçilərimizlə üzə-üzə gəlməkdən qorxduqları üçün bu cür mina tələlərindən istifadə edirlər”.