Orta Asiya platformasında daha da möhkəmləndik

Azərbaycan Türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün gözəl imkan yaradıb


Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünyada nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da bunun bariz nümunəsidir.

 İlk dəfə idi ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edirdi. Bu, dövlət başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin təzahürüdür. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksəksəviyyəli qarşılıqlı səfərlərdir. 

Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrində Türk dünyası ilə münasibətlər də xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bəyan edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Dövlət başçısı bildirib ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, əslində müstəqillik qazandıqdan sonra Azərbaycana böyük maraq var idi. Ekspertin sözlərinə görə, bu marağın təsdiqi kimi Böyük Britaniyanın Azərbaycanla yaxından maraqlanmasını göstərmək olar:

 "Yaxud ABŞ-nin Azərbaycana ciddi şəkildə yaxınlaşma cəhdlərini göstərə bilərik. Məhz 1990-cı illərdə adını çəkdiyimiz dövlətlərlə bərabər Avropanın aparıcı ölkələri də Azərbaycana maraq göstərirdi. Amma bu maraq indiki kimi yüksək səviyyədə deyildi. Azərbaycanla münasibətlər hazırkı formada dayanıqlı deyildi. İndi Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, dövlətimiz dünyanın hər tərəfində yetərincə yaxşı tanınır. Dövlət başçımız siyasi lider kimi hər tərəfdə yüksək səviyyədə qəbul olunur. Azərbaycan və onun liderinin etibarlı tərəfdaş imici var. Bu müsbət imicə görə, dünya liderləri Azərbaycan və dövlət başçısı İlham Əliyevlə münasibətlərə can atırlar. Bunu Avropanın ən aparıcı siyasi xadimləri dilə gətiriblər. 44 günlük müharibədən sonrakı dövrdə isə Azərbaycana münasibət daha sürətli şəkildə yaxşılığa dövrü dəyişdi. Azərbaycanın gücünü görən dünya ölkələri qənaətə gəldilər ki, bu dövlətlə daha yaxın olmaq lazımdır. Ona görə bizə maraq artdı".
  
Həmsöhbətimiz vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətə gəlincə, qeyd etmək lazımdır ki, Azərbaycan özü TDT-nin əsas generatorlarından biridir:

 "Azərbaycan türk dövlətlərinin birlik olması üçün hamıdan çox çalışan bir dövlətdir. Biz Orta Asiya türk coğrafiyasından Balkanlara qədər körpü rolunu oynayırıq. Qərbdəki türk coğrafiyası ilə şərqdəki türk coğrafiyasını bir-birinə bağlayacaq bağ məhz Azərbaycandır. Cənab Prezidentin Tacikistana səfəri, orada 5 Orta Asiya dövlətinin məşvərətində qonaq qismində iştirak etməsi təsadüfi deyil. Xatırlayırsızsa, bir neçə il öncə Qırğızıstanda ilk dəfə bu yöndə bir tədbir keçirilmişdi. Həmin tədbirə Azərbaycan dövləti müşahidəçi qismində marağını ifadə etmişdi. Sadəcə gec olduğu üçün Azərbaycan ora qatıla bilmədi. Orta Asiya ölkələri də qərara gəldilər ki, növbəti toplantıyadək Azərbaycanın dəvət edilib-edilməməsi məsələsini birlikdə müzakirə etsinlər. Oradakı dövlətlərin hamısı bizə dost olduqlarına görə Azərbaycanın da mütləq dəvət olunacağını deyirdik. 5 dövlətin hər biri Azərbaycanı öz yanında görmək istəyir. Artıq dövlət başçısı Tacikistandadır. Bu, Azərbaycanın daha bir mühüm platformada möhkəmlənməsi anlamına gəlir. Orta Asiya dövlətlərinin hər biri ilə ikitərəfli münasibətlərimiz var. Dövlətimizin orada olması həm bizim, həm də Orta Asiya ölkələri üçün çox faydalıdır".