Körpülər bir günün içində uça bilməz

Azərbaycanda güclü sel hadisələri müşahidə edilmir

“Çünki bütün çaylar ətrafında tikinti-inşaat materialları üçün çınqıl istehsal edən kifayət qədər çay-daş karxanaları fəaliyyət göstərir”

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.
Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər-Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.
  
Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.
Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər-Şağlazüzə-Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.
  
Qeyd edək ki, sentyabrın 15-də Xaçmaz-Xudat yolunun üzərindəki körpü, sentyabrın 18-də isə Astaranın Vaqo kəndindəki körpü təbii fəlakət nəticəsində yararsız hala düşərək dağılıb.
  
“Körpülərin vəziyyəti ilə bağlı məsələ gündəmdə olan mövzudur. Problemin qabarıq şəkildə özünü göstərməsi onu deməyə əsas verir ki, biz bütün körpüləri mütləq müayinədən keçirtməliyik”. Bunu "Axar.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, baş verən son hadisələr istər paytaxtda, istərsə də digər bölgələrimizdə körpülərin yoxlanmasını zəruri edib: “Aidiyyəti qurumlar - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də daxil olmaqla, mütləq körpülərin mövcud vəziyyətini yoxlamalıdır. Bizdə son illər çəkilən yolların böyük əksəriyyəti nəzərdə tutulan müddətə dözmür. Bakı-Quba yolunu 30 il üçün çəkdilər, üç ildən sonra dağılmağa başladı. On ilin tamamında da söküb, təzədən çəkdilər. Yəni bu, körpülərdə də baş verə bilər. Düşünürəm ki, bütün körpülər vaxtlı-vaxtında müayinə olunmalı, təhlükəli vəziyyət varsa, aradan qaldırılmalıdır. Çünki burada insanların həyatından söhbət gedir. Qabaqlayıcı tədbirlər vaxtında görülməli, hadisələrin baş verməsinin qarşısı əvvəlcədən alınmalıdır. Ola bilər, bəzi körpülərdə təhlükə aşkarlansın. İndiki vəziyyət bunu bir daha göstərdi. Düşünürəm ki, həm tunellər, həm də körpülər tamamilə nəzarətə götürülməlidir”.
  
İqtisadçı-ekspert Fuad İbrahimli isə  hesab edir ki, hökumət körpülərin bərpa və təmiri üçün vaxtaşırı kifayət qədər vəsait ayırır. Bu da o deməkdir ki, körpülərin təhlükəsizliyinin aşağı səviyyədə olmasında vəsait çatışmazlığı amili istisnadır: 

“İstər yeni, istər köhnə körpülər daim yoxlanılmalıdır. Çünki bütün çaylar ətrafında tikinti-inşaat materialları üçün çınqıl istehsal edən kifayət qədər çay-daş karxanaları fəaliyyət göstərir. Daş karxanaları isə öz fəaliyyətləri ilə çayın məcrasını dəyişdirir. Nəticədə körpülərə normativdən artıq yük düşür. 20-30 ildir ki, bu məsələlər dəfələrlə qaldırılıb, amma nəticə yoxdur. Körpülər bir günün içində uça bilməz. Azərbaycanda güclü sel hadisələri müşahidə edilmir. Ölkəmizdə Tailand, Hindistan və ya Cənubi ABŞ-də olduğu kimi güclü leysan yağışları yağmır. Bu mənada körpülərin dağılması hadisəsi yerli dövlət nəzarət orqanları tərəfindən problemin qiymətləndirilə bilməməsindən qaynaqlanır”.