"Bu gün Gürcüstan və Azərbaycan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
“Biz buna hazırıq, bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var və ən əsası, əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır”, - dövlət başçısı vurğulayıb.
Rəsmi Bakı və Tbilisinin strateji partnyor olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, Gürcüstan bizim dünyaya, yəni okeana çıxış qapımızdır:
"Azərbaycan isə Gürcüstanın əsas iqtisadi fəaliyyət yaradan qonşusudur. Çünki Azərbaycanın investisiyaları və layihələri olmasa, Gürcüstanda iqtisadi fəaliyyət kəskin səviyyədə azala bilər. Ona görə də qarşılıqlı əlaqələr yaxın illərdə də inkişaf edəcək. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin artıq yük götürmə qabiliyyəti 5 dəfədən çox artıb. Həmçinin bu yaxınlarda Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla müqavilə imzaladı.
Müqaviləyə əsasən Qara dəniz altından kabel xətləri çəkilərək elektrik enerjisi ötürüləcək. Yəni Azərbaycan enerjini bütün Avropaya nəql edə biləcək. Eyni zamanda Qara dənizin dibindən fiber-optik xətlər çəkilir.
Həmçinin Azərbaycan Kulevi limanını alıb və orada genişləndirilmə işlərinə başlanılacaq. Hətta gələcəkdə ola bilsin ki, Azərbaycan Amasya limanına da ortaq olsun. Digər tərəfdən orta dəhlizin gücləndirilməsi istiqamətində addımlar atılır. Yəni Azərbaycan Türkiyənin orta Asiya və Çinə açılan qapısı rolunu oynayır. Eyni zamanda orta Asiyadan Avropaya gedən bütün mallar da Azərbaycandan keçəcək.
Hətta Xəzər dənizində yeni iki liman inşa olunub. Ümumiyyətlə orta dəhlizin inkişafı Azərbaycan üçün prioritet məsələdir və buna xüsusi yanaşır".