“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, ölkədən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə ölkəyə gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.
Qəfil yaranan İsrail-Fələstin münaqişəsinin dünya mediasında geniş müzakirə mövzusu olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, İsraildə bizim xeyli vətəndaşlarımız və soydaşlarımız var:
"Onların böyük əksəriyyəti 1990-cı illərdə İsrailə köç edib. Burada dağ yəhudiləri də var. Həmçinin İsrail və Azərbaycan arasındakı sıx əlaqələr strateji xarakter daşıyır. Təhlükəsizlik baxımından lazım gələrsə, İsraildəki soydaşlarımızın təxliyyəsi də həyata keçirilə bilər. Amma görünür ki, bu proses zəruridir. Digər tərəfdən müraciət edənlərin saylarının azlığı ondan xəbər verir ki, Azərbaycan tərəfi istənilən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində prinsipialdır. Bu mənada soydaşlarımızın istədikləri vaxt oranı tərk edib gələ bilərlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövlət olaraq istənilən münaqişəli bölgələrdən soydaşlarımızn təxliyyəsini həyata keçirib. Biz bunun pandemiyya vaxtı da şahidi olmuşuq. Ümumiyyətlə bu məsələdə Azərbaycan dövləti bütün soydaşlarına büyük diqqət yetirir və bundan sonra da yetirəcək".