Qarşılıqlı əməkdaşlıq önəmlidir  - Rusiya hərbi donanması...

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.

Hadisəni "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli söyləyib ki, təxminən hər il keçirilən tədbirlər çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Azərbaycanın sahil sularına dostluq səfərləri təşkil olunub:

"Bu səfər çərçivəsində iki ölkənin Hərbi Dəniz Qüvvələrinin zabit və komandir heyətləri arasında görüşləri keçirilir. Bir sözlə Xəzər dənizini sülh və sabitlik hövzəsi etmək üçün bir sıra addımlar atılır. O ki qaldı Rusiya Hərbi Dəniz Qüvvələrinin səfərlərinə, bu yüksək qiymətləndirilməlidir. Çünki Rusiya Xəzər dənizində ən böyük hərbi donanmaya malik olan ölkədir. Bu mənada qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət önəmlidir. Ümumiyyətlə Xəzər dənizində gərginlik yaratmaq istəyən qüvvələr olsa da, bunun aradan qaldırılması üçün birgə işlər görülüb".
Ekspert əlavə edib ki, Azərbaycan və Rusiya arasındakı hərbi əməkdaşlıq özündə bir çox sahəni ehtiva edir:

"Rusiyada istehsal edilən müdafiə sənayesi məhsullarının bəzilərinin komponentləri Azərbaycanda hazırlanır. Bu isə normaldır. Çünki Rusiya və Azərbaycan Sovet müdafiə sənayesi kompleksinin tərkib hissəsi olub. Bundan başqa hərbi təyinatlı satınalmalar sahəsində də əməkdaşlıq edilir. Bu gün Azərbaycan ordusunun istifadəsində olan silah və texnikaların 50 faizi Rusiya istehsalı olan məhsullardır".