Avropa İttifaqı Fələstin üçün ayrılan ödənişləri dayandırmayacaq.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel "X" hesabında bildirib.
"Avropa Komissiyasının elan etdiyi Aİ-nin Fələstin üçün yardımına yenidən baxılması, Komissiyanın press-relizində dəqiq qeyd olunduğu kimi, lazımi ödənişləri dayandırmasını ehtiva etməyəcək.
Ödənişlərin dayandırılması - bütün Fələstin xalqının cəzalandırılması - Aİ-nin bölgədəki maraqlarına zərər vermiş olar və terrorçuları daha da cəsarətləndirər", - Borrel qeyd edib.
Borelin açıqlamasını “Sherg.az”a dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bir çox ölkələr sanksiyalara qarşı çıxış edib:
“Xüsusən də Borelin vətəni İspaniya, Niderland, İrlandiya. Gözlənildiyi kimi HƏMAS-ın törətdiyi vəhşiliklər Avropada pislənilir. Lakin Avropada Fələstinlə bağlı ziddiyyətli fikirlər var. Xüsusən də solçu qüvvələr Fələstinin müstəqilliyini ciddi şəkildə dəstəkləyir".
F.Şəfiyevin sözlərinə görə, hadisələr dəyişəcək və İsrailin Qəzzada başlayacağı əməliyyatlarda ərəblər arasındakı itkilər daha çox olacaq:
"Qərb mediası isə kim qurban və zəifdirsə, ona daha çox dəstək verir. Yəni ilk hücuma keçən HƏMAS olduğu üçün İsraili dəstəkləyənlər daha çoxdur. İndi isə vəziyyətin dəyişməsi mümkündür".
Ekspert əlavə edib ki, burada başqa vacib məqamlar var:
"Avropa ittifaqının bir sıra layihələri Qəzza ilə yox, Ramallada yerləşən hökumətlə bağlıdır. Yəni Avropada rəsmi tanınan Fələstin hökuməti Mahmud Abbasın rəhbərliyindəkidir. Ona görə də Avropa İttifaqı fikirləşir ki, niyə biz HƏMAS-a görə Mahmud Abbas hökumətini cəzalandırmalıyıq. Yəni görünür sanksiyalar olmayacaq".
Qeyd edək ki, bu məsələ ilə bağlı Avropa Komissiyası bəyanat yayıb.
Bildirilib ki, Komissiya HƏMAS-ın həftə sonu İsrailə qarşı həyata keçirdiyi terror aktlarını birmənalı şəkildə pisləyir: "Bu hadisələrdən sonra Komissiya bu gün Aİ-nin Fələstinə yardımını təcili nəzərdən keçirməyə başladığını elan edir.
Mövcud təminatlara əlavə olaraq, bu yanaşmanın məqsədi Aİ-nin heç bir maliyyəsinin dolayı yolla hər hansı bir terror təşkilatının İsrailə qarşı hücumlar həyata keçirməsinə imkan verməməsini təmin etməkdir.
Komissiya, regionda dəyişmiş şərtlər fonunda, Fələstin əhalisinə və Fələstin Administrasiyasına dəstək proqramlarına düzəlişlərin edilməsinə ehtiyac olub-olmadığını da eyni dərəcədə nəzərdən keçirəcək.
Bu vaxt heç bir ödəniş nəzərdə tutulmadığından ödənişlərin dayandırılması da olmayacaq.
Bu yanaşma Avropa Mülki Müdafiə mexanizmi çərçivəsində göstərilən humanitar yardıma aid deyil", Avropa Komissiyasının bəyanatında bildirilir.