Qarabağdan gedən ermənilərin aqibəti necə olacaq?  - Riayət edəcəklərsə...

Qarabağı tərk edərək Ermənistana gedən ermənilər İrəvanın mərkəzindəki “Maştots” otelində xoşagəlməz münasibətlə üzləşiblər.

 Bu barədə aktrisa Anais Sardaryan danışıb. O bildirib ki, otel Qarabağ ermənilərini ödənişli əsaslarla yerləşdirməkdən imtina edib:

“Bir ailə ”Maştots” otelinə gedib. Otel işçisi deyib ki, beş nəfər – valideynlər və üç uşaq bir otaqda yata bilməz. Ata və oğul maşında yatmağa davam edəcəklərini deyərək, ən azı ana və iki qızını oteldə qəbul etməyi istədi. Lakin yenə rədd cavabı gəldi”.

Aktirasının iddialarına oteldən də cavab verilib. Vurğulanıb ki, Qarabağdan gələn ermənilər oteldə natəmizliyə, xoşagəlməz hallara yol verdikləri üçün onların qəbulu dayandırılıb.
Qeyd edilib ki, otelin bir otağında yalnız iki nəfərin yatmasına icazə var, lakin gələnlər 4-5 nəfər olur.
Otelin qaydalarını tənqid edən aktrisa Anais Sardaryan çıxış yolu axtaracağını vurğulayıb.

Hadisəyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a deyib ki, ermənilərin Azərbaycandan gələn soydaşlarına münasibətlərinin mənfi olduğu çoxdan bilinən faktdır:

"Hətta 1990-cı illərdə gələnlər türkləşdirilmiş ermənilər adlandırılırdı. Yəni onlar ikinci dərəcəli vətəndaş kimi qiymətləndirilirdi. Bir çoxlarına isə hələ də vətəndaşlıq verilməyib. Həmçinin əksəriyyəti Ermənistanda yaşaya bilmədikləri üçün Rusiya, Avropa və Amerikaya köçüblər".

Analitik əlavə edib ki, yad münasibət Qarabağdan köçən ermənilərə də aiddir:

"Çünki Qarabağdakı klan son 30 ildir ki, Ermənistanı idarə edirdi. Bu başda Köçəryan və Sarkisyan olmaqla Qarabağ klanına olan nifrəti də kəskinləşdirdi. Bu mənada da İrəvandakı ermənilər Qarabağdan gələnləri Köçəryan və Sarkisyanın tərəfdarları kimi qiymətləndirirlər. Ona görə də dəstək olmaq istəmirlər".
F.Abbasovun sözlərinə görə, Qarabağ erməniləri yenidən Azərbaycana qayıtmaq üçün xarici vətəndaş statusunda qeydiyyatdan keçməlidirlər:

"Əgər prosedurlara normal şəkildə riayət edəcəklərsə, niyə də olmasın? Qoy, gəlsinlər. Amma əlini,qolunu sallayaraq mən Azərbaycanda yaşamaq istəyirəm deməklə məsələ həll olunmur. Bunu Azərbaycan əsilli digər ölkələrin vətəndaşları edə bilmədiyi kimi ermənilər də edə bilməz. Qarabağ ermənilərinin əksəriyyətinin Livan, Suriya, Ermənistan və İraqdan köçürüldüyünü nəzərə alsaq, deyə bilərik ki, onların 90 faizinin Azərbaycan torpaqlarında yaşamağa haqları yoxdur. Yəni aqibətlərindən asılı olmayaraq biz onlara vətəndaşlıq verə bilmərik".