Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.
Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə (Zəngəzur dəhlizinin açılması -red.) birlikdə hərəkət etməyə” çağırıb.
Türkiyənin ilk günlərdən Zəngəzur dəhlizinin açılmasına dəstək verdiyini söyləyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, rəsmi Ankara bu layihənin müəlliflərindən biridir:
"Bu nöqtədə Ərdoğanın çağırışları ilk deyil. Amma dəhlizin yaxın zamanda açılması ilə bağlı effektiv və yekun qərarların veriləcəyini gözləmirəm. Çünki əvvəllər Ermənistan tərəfi prosesi Qarabağdakı hadisələr fonunda uzadırdısa, bu gün onların Qərb mərkəzli yeni bəhanələri var".
Analitik qeyd edib ki, Paşinyan hakimiyyətinin Qərblə qurduğu yaxşı əlaqələr ona yenidən prosesi uzatmaq üçün alternativlər verir:
"Fransa erməniləri əmin edir ki, onların bölgədəki oyun pozan hərəkətlərinə qarşı dəstək verəcək. Nəticə etibarilə də biz Fransanın az sayda da olsa, hərbçisinin Ermənistana gəldiyini görürük. Bunların fonunda da bu gün Ermənistan Qərb mərkəzli siyasət xətti ilə prosesləri uzadır və özünə pay ayırmağa cəhd göstərir. Ona görə də, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də uzanır. Düzdür, Ermənistan tərəfi rəsmi şəkildə dəhlizin açılmasından yana olduğunu bildirir. Ancaq qarşılığında elə şərtlər qoyurlar ki, koridorun fəaliyyətə başlaması mümkünsüz olur. Bu nöqtədə Azərbaycan və dəhlizin açılmasında həqiqətən də maraqlı olan qüvvələr Ermənistana yeni təsir rıçaklar tapmağa məcbur qalırlar. Ümumiyyətlə isə bu təsir rıçaklarını tam formalaşdırmadan Ermənistanın Zəngəzur dəhlizinin açılmasına könüllü razılıq verəcəyini gözləmək olmaz".