İsrail-Fələstin savaşında real vasitəçi rəsmi Ankaradır  - ŞƏRH

İsrail və Həmas arasındakı toqquşmalar son sürəti ilə davam edir. “Əl Ərəbiyyə” nəşri məlumat yayıb ki, HƏMAS-ın Siyasi Bürosunun iki üzvü İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Belə vəziyyətdə hamını bir sual maraqlandırır. İsrail və Fələstin münaqişəsində hansı ölkə vasitəçi kimi çıxış edə bilər? Digər tərəfdən dünyanın ən güclü kəşfiyyat təşkilatlarından olan “Mosad”ın hücum barəsində məlumatı olmaması da maraqla qarşılanıb.  Bu konteksdə İsrailin itən nüfuzunu qaytarmaq üçün hansı addımlar atacağı dünya tərəfindən gözlənilir.

Son münaqişələr fonunda tarazlayıcı mövqedə özünü ən yaxşı tərəfdən göstərən dövlətin Türkiyə olduğunu deyən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, hazırda davam edən Fələstin-İsrail müharibəsində vasitəçi olaraq rəsmi Ankara daha real namizəd kimi önə çıxır:

“Biz bunu Ukrayna- Rusiya müharibəsində də gördük ki, proseslərə ən yaxşı töhfə verməyə çalışan ölkə məhz Türkiyədir. Mövzuya "Taxıl dəhliz"i kontekstindən yanaşsaq, Türkiyənin tarazlayıcı rolu çox mühümdür. Bu gün Yaxın Şərqdə cərəyan edən proseslər vaxtı ilə həll olunmayan məsələlərin məntiqi davamıdır. Aydındır ki, baş veren hazırkı silahlı qarşıdurmanın tarixi uzun illər əvvələ gedib çıxır”. 
Analitik əlavə edib ki, Fələstin-İsrail müharibəsində vasitəçi olmaq üçün güclü və nüfuzlu dövlətlərə ehtiyac var:

“Amma məlum olduğu kimi, tərəf nümayiş etdirən dövlətlər münaqişələrin qarşısının alınmasında səmimi addımlar ata bilmirlər. Məlumdur ki, ABŞ konkret olaraq İsrailə dəstək olur. Bu da onun tənzimləyici rolunu aradan qaldırır. Rusiyaya gəldiksə isə bu dövlətin Şərqlə bağlı özünəməxsus ambisiyaları var. Başı hazırda Ukraynadakı müharibəyə qarışan Moskva düşünmürəm ki, uğurlu vasitəçi kimi qəbul olunsun. Qeyd olunan mülahizələrdən irəli gələrək deyə bilərik ki, Türkiyə və Çin daha neytral görünür. Ankaranın müstəqil Fələstin olmayan bölgədə sülh olmaz mövqeyi əvvəldən bəllidir.  Eyni zamanda, Türkiyə 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil, suveren Fələstin dövlətinin mövcudluğunu qəbul edir. Bu da Türkiyə ilə İsrail arasındakı ziddiyyətləri qabardır. Amma son zamanlar iki dövlətin istiləşməyə başlayan münasibətləri ortaq məxrəcə gəlmək şansını artırır. Çin də ABŞ ilə münasibətləri kontekstində İsraillə Fələstin arasındakı münaqişədə effektli rol oynaması ehtimalı azdır”. 

E. Səftərovun sözlərinə görə, baş verən İsrail-Fələstin müharibəsində diqqət çəkən məqamlardan biri də dünyanın ən güclü kəşfiyyat təşkilatlarından olan "Mossad”ın effektli olmaması ilə bağlıdır:

“Bu da özlüyündə təşkilat haqqında yaradılan mifi müəyyən qədər məhv etdi. Təbii ki, İsrail dünyadakı "güclü dövlət" imicini qorumaq üçün ən qısa zamanda bu məsələni həll etməyə çalışacaq. Proseslərin nə ilə nəticələnəcəyi müharibəyə qoşulacaq ölkələrin maraqları və çoxluğu ilə bəlli olacaq. Qarşıdurmanın tam bitməsi üçün çox çətin proseslərin həlli istiqamətində əməli addımlar atılmalıdır. Amma tərəflərin yaxın vaxtlarda ortaq razılığa gələcəyini düşünmürəm. Müəyyən bir müddət üçün fasilələr olsa belə, bu tərəflər arasındakı buzları əritməyəcək. Bu o anlama gəlir ki, müharibənin dayanması münaqişənin bitməsi deyil. Bunun üçün Fələstinə və İsrailə beynəlxalq müstəvidə də bərabər münasibət göstərilməlidir. Təəssüf ki, beynəlxalq hüquq işləmədiyi üçün dünyanın müxtəlif yerlərində fərqli qarşıdurmalar yaranır”.