İrəvanın yeni seçilən Ağsaqqallar Şurası (Bələdiyyə Şurası) şəhər meri vəzifəsinə hakim "Mülkü Müqavilə" Partiyasının namizədi Tiqran Avinyanı seçib.
“Report” xəbər verir ki, məlumatı “Armen Press” yayıb.
Bildirilib ki, toplantıya şuranın 37 üzvü qatılıb. Bu da mer seçkisi üçün yetərsayı təmin edib.
Məlumata görə, “Ana Ermənistan” Alyansı və Milli Tərəqqi Partiyası namizəd irəli sürməyib. Onlar Şuranın bu gün keçirilən iclasını da boykot ediblər.
Tiqran Avinyanın Ermənistan siyasi eşalonunun daxilində sözü keçən şəxslərdən biri kimi qəbul edildiyini deyən politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Paşinyan çox üzdə olan adamın İrəvan meri seçilməsinin tərəfdarı deyil:
"Çünki İrəvan Ermənistanın idarəsi baxımından önəmlidir. Bu mənada düşünürəm ki, Avinyanın mer seçilməsi Paşinyanın apardığı strateji siyasət kimi qiymətləndirilməlidir. Digər tərəfdən yayılan məlumatlara görə Avinyan Ermənistan daxilində iqtisadi imkanlarının yüksəkliyi ilə tanınır. Bu da vacib amillərdən biridir. Ona görə də bu məsələdə Paşinyanın ağıllı tərpəndiyi görünür. Yəni Ermənistan Baş naziri həm yeni merin iqtisadi imkanlarından istifadə etməyi düşünür, həm də onun tanınmaması fonunda özü üçün təhlükə yaratmayacağından sığortalanır. Həmçinin Avinyan Ermənistan mediasında Paşinyanın silahdaşı kimi də qələmə verilir. Bunun nə dərəcə doğru olduğunu isə zaman göstərəcək".