“Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var: Berkaber, Aygehovit, Vazaşen, Paravakar və s”.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
“Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd – red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”, - o əlavə edib.
Açıqlamanı "Sherg.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov söyləyib ki, Paşinyan həmişəki kimi vəziyyəti mürəkkəbləşdirməyə çalışır:
"Onun bu cəhdləri isə öz beyninin yox, kənar diqtələrin məhsuludur. Paşinyan dəfələrlə sülhdə səmimi olduğunu deməyinə baxmayaraq, kənar qüvvələrin diqtəsi ilə vəziyyəti mürəkkəbləşdirməyə cəhd edir. İkinci bir tərəfdən o 8 kəndin qaytarılmasına asanlıqla razı da ola bilməz. Çünki bu məsələ Ermənistan daxilində Paşinyanın əleyhinə istifadə oluna bilər. Yəni erməni Baş nazir həm hakimiyyət, həm də şəxsi təhlükəsizliyindən narahat olduğuna görə belə açıqlamalar verir".
Analitik əlavə edib ki, Azərbaycan Qazaxın 7 və Kərki kəndində öz suverenliyini bərpa edəcək:
"Çünki bu olmadan sülh müqaviləsi imzalanmayacaq. Hazırda isə sülh bizdən çox Ermənistana lazımdır. Ona görə ki, Azərbaycan artıq öz maraqlarını təmin edib. Bunu Paşinyan da yaxşı başa düşür. Eyni zamanda bizə kağız üzərində olan yalançı sülh müqaviləsi lazım deyil. Çünki Ermənistanın bu müqaviləni pozmayacağının qarantiyası yoxdur. Xatırlayırsınızsa, bir neçə dəfə belə hadisələr olub. Bu mənada ilk öncə lazımi şərait təmin olunmalıdır".
K.Novruzovun sözlərinə görə, Qarabağdakı "rejim"in özünü buraxması Azərbaycanın sülh istiqamətində atdığı bir addım idi:
"Buna baxmayaraq Nikol Paşinyan vəziyyəti gərginləşdirməyə davam edir. Amma düşünürəm ki, bu addımlara baxmayaraq 8 kəndin qaytarılması da öz həllini tapacaq. Çünki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Əgər o nala-mıxa vurmağa davam etsə, öz bəyanatını təkzib etmiş olacaq. Hərçənd ki, bu heç də gözlənilməz olmazdı. Ermənistan hakimiyyəti onsuz da öz dediklərini danmaqda mahirdir. Ümumiyyətlə Paşinyan anlamalıdır ki, 8 kənd işğaldan azad edilmədikcə sülh müqaviləsi imzalanmayacaq. Eyni zamanda onun səsləndirdiyi Tavuş rayonundakı kəndlərin Azərbaycanın nəzarətində olması bəyanatı sadəcə böhtandır".
Qeyd edək ki, Paşinyanın Tavuş rayonunda saydığı kəndlərin heç biri Azərbaycanın nəzarətində deyil.