Biz finaldayıq, sülh üçün ictimai rəy yetişib  - Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib.
STM-dən  bildirilib ki, respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edilib. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.

Respondentlərin 18,3%-i əks mövqedən çıxış edərək sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib. 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.

Sorğunu “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, Azərbaycan cəmiyyəti sülhü dəstəkləyir:

"Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti münaqişənin bitdiyini və qalibiyyətin sülh müqaviləsi ilə əvəz olunması iradəsini özündə əks etdirən fikrin arxasındadır. Yəni müharibədən sonra sülhün gəlməsi təbii prosesi bizim cəmiyyətin reaktiv yanaşmasının özündə əks etdirir. Eyni zamanda şübhə yoxdur ki, həm siyasi, həm də ictimai rəy səviyyəsində sülh mesajlarının bir-birini tamamlaması Azərbaycanda sülhün böyük bir istiqamət tapmasına işarədir. Həmçinin bu gün sözügedən çağırışın Ermənistan mediasında kütləvi şəkildə tirajlanması və qarşılıq əldə etməsi bizim böyük uğurlarımızdan biridir. Yəni ömür boyu savaşmaq mümkün deyil. Çünki hər bir müharibənin kuliminasiyası var. Biz həmin finaldayıq və sülh müqaviləsinin imzalanması ilə bağlı real ictimai rəy yetişib".