Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
Hadisəni "Sherg.az"a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, vətəndaşlarımız bəzi hallarda məsuliyyətsizlik edirlər:
"DİN və ANAMA dəfələrlə Azərbaycan vətəndaşlarına işğaldan azad olunmuş ərazilərdə hərəkət edərkən diqqətli olmağa çağırıb. Aşağı Veysəlli kəndi uzun müddət erməni işğalı altında olub. Buna görə də ərazisinin xeyli hissəsində təkcə piyadaların yox, tank əleyhinə də minalar var. Qazel markalı maşının tank əleyhinə minaya düşməsi isə 100 faiz pis nəticələnəcəkdi. Digər tərəfdən Azərbaycan ordusu həmin bölgələrdəki separatçıların kökünü kəsib. Ona görə də, yeni minaların basdırıldığını düşünmürəm".
Ekspert əlavə edib ki, vətəndaşlar ANAMA-nın yoxlamadığı heç bir ərazidə hərəkət həyata keçirməlidirlər:
"Hərbçilər mina təmizləmə işi apardıqdan sonra müəyyən işarələr qoyurlar. Yəni ümumi qaydalar var. Ancaq 2020-ci ildən sonra insanlarımız mina mövzusunda xeyli boşluğa yol verir. Bu isə pis nəticələr gətirir. Amma ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, uzun illər mina partlayışlarından əziyyət çəkəcəyik. Çünki mina təmizləmə məsələsi uzun prosesdir. Bu mənada insanlarımızı son dərəcə ehtiyatlı davranmağı tövsiyyə edirəm".