Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara (Qarabağdakı keçmiş separatçılar – red.) çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.
Bu sözləri Prezident İlham Əliyev Xankəndidə 15 oktyabrda Azərbaycan bayrağını ucaltdıqdan sonra müraciətində bildirib.
Müraciəti “Sherg.az”a şərh edən politoloq Ramiz Alıyev söyləyib ki, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı həm dost, həm də düşmən ölkələr üçün bir mesajdır:
"200 ildən sonra Azərbaycan xalqı öz ərazilərini işğaldan azad edərək tarixə düşdü. Bu hər bir dövlətə müəssər olan bir hadisə deyil. Digər tərəfdən hesab edirəm ki, ölkə başçısının bu fikirləri Ermənistanda olan revanşist qüvvələrə və dəstəkçilərinə xəbərdarlıqdır. Onlar oturub düşünməlidir ki, bu gün Azərbaycan Prezidenti Xankəndi şəhərindən bir daha xəbərdarlıq edir. Bu xəbərdarlıq dəfələrlə olub. İlham Əliyev hər zaman bildirib ki, separatçılar cəzalanacaq və ən yaxşısı onların yolun yarısından dönərək torpaqlarımızı sülh yolu ilə qaytarmasıdır. Ancaq revanşist qüvvələr havadarlarına güvəndikləri üçün bu çıxışı eşitmədilər və layiqli cəzalarını da aldılar. Bu gün Azərbaycanın Ali Baş Komandanı, 50 milyondan artıq azərbaycanlının lideri Xankəndi şəhərində bayrağımızı qaldırır. Belə günlər isə tariximiz üçün çox önəmlidir. Biz çox xoşbəxt nəslin nümayəndələriyik ki, belə anların şahidi oluruq".
Analitik qeyd edib ki, cənab Prezident və müzəffər ordumuz sayəsində torpaqlarımızı azad etmək dərdi ilə yaşamayacaqlar:
"Yəni bugünkü və gələcək Azərbaycan gəncliyi artıq ölkəmizi necə inkişaf etdirək fikri üzərində düşünəcəklər. Əlbəttə Ermənistandakı revanşist qüvvələr və havadarlarının cənab Prezidentin çıxışı ilə bağlı öz düşüncələri var. Onlar çox yaxşı anlayırlar ki, Azərbaycana qarşı hansısa addım atsalar, "dəmir yumruq" görəcəklər. "Dəmir yumruq" yenidən işə düşdükdə isə artıq hər şey gec olacaq. Ona görə də yaxşı olar ki, revanşist qüvvələr oturub sülh haqqında düşünsünlər".