Qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpinin görüşü gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində çinli həmkarı Vanq Yi ilə görüşü zamanı deyib.
O bildirib ki, iki ölkə liderləri oktyabrın 17-si və ya 18-də görüşəcəklər: “Onlar ölkələrimiz arasındakı münasibətlərin bütün kontekstlərini müzakirə edəcəklər”.
Nazirin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.
Baş tutacaq səfərin gizlinlərini "Sherg.az"a açan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, hazırda Rusiyanın dünyadakı müttəfiqlərinin sayı azalır:
"Kremlin mövcud müttəfiqləri isə Şərq ölkələrinin təmsilçiləridir. Yəni İran, Çin, Braziliya və müəyyən mənada Hindistan Rusiyanın müttəfiqləri sırasındadır. Sözügedən müttəfiqlərin Rusiya ilə münasibətləri isə getdikcə zəifləyir. Hətta deyə bilərik ki, daha ehtiyatlı davranmağa çalışırlar. Bunun səbəbi də Qərbin atdığı addımlardır".
Analitik əlavə edib ki, Qərbin, xüsusən də ABŞ-nin atdığı addımlar Şərq qütbünün təmsilçilərini narahat etməyə başlayıb:
"Bu mənada da Çin rəhbəri ilə Putinin görüşü hər iki tərəfə lazımdır. Yəqin ki, görüşdə son hadisələr müzakirə olunacaq. Digər tərəfdən ehtimal edirəm ki, bu təmaslar daha da intensivləşəcək. Çünki faktiki olaraq Şərq dünyası Qərbin təzyiqi altındadır və onların birləşmələrinə ehtiyac var. Bu kontekstdən məsələni qiymətləndirmək lazımdır. Düşünürəm ki, Si Cinpin və Putin genişmiqyaslı müzakirələr aparacaqlar. Ümumiyyətlə həm Çin, həm Rusiya, həm də İran Qərbin ehtimal olunan gələcək təzyiqlərinin qarşısını almaq barəsində düşünməlidirlər".