Polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinin komendantı təyin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bildirib.
1973-cü il təvəllüdlü S.Səfərov 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.
O, son olaraq bu ilin yanvarında DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.
Qarabağda bundan sonra hansı proseslərin olacağı barəsində "Sherg.az"a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib ki, indiki istənilən qərarlar müvəqqətidir:
"Çünki orada təhlükəsizlik baxımından xüsusi şərait var. Digər tərəfdən Xankəndi və ətrafında bir neçə dəyişikliklər gözlənilr. Məsələn, rus sülhməramlılarının həmin əraziləri tərk etməsi. Çünki onların artıq görəcək işləri qalmayıb. Hətta Rusiya Vladimir Putin də Bişkekdə bunun barəsində danışıb. İkinci məsələ Qarabağda olan erməni əhalisi ilə bağlı hansı tədbirlərin nəzərdə tutulduğudur. Biz görürük ki, orada xeyli sayda erməni qalıb".
T.Zülfüqarovun sözlərinə görə, Qarabağdan könüllü olaraq köçən ermənilərin geri qayıtması ilə bağlı nə isə demək çətindir:
"Çünki onların necə geriyə dönə biləcəklərinin bəyanatı rəsmi şəkildə səsləndirilib. Yalnız vətəndaşlıq aldıqdan sonra onlar qayıda bilərlər. Ümumiyyətlə Ermənistanın daxilində də qayıdışla bağlı birmənalı fikirlər yoxdur. Bəzi siyasətçilər deyirlər ki, ermənilər Qarabağa qayıtmalıdır, bəziləri deyir yox. Hətta üçüncü qrup müharibə aparılmalı olduğunu, dördüncü qrup isə ermənilərin qayıdışının hansısa "status" şəraitdə mümkünlüyünü söyləyir. Bu mənada Qarabağdan köçən ermənilərin geri qayıdacağını real hesab etmirəm. Bir müddətdən sonra isə Azərbaycan qayıdanların olmadığını nəzərə alaraq Qarabağda olan əmlakı qaçqınlara da verə bilər. Bunun mexanizmlərinin nədən ibarət olacağını isə gələcək göstərəcək".