Qəzzada müharibə dayanmasa, İran müharibə cəbhələrini genişləndirəcək.Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazir Hizbullahın İsrail hədəflərinə artan hücumlarını istinad edərək bildirib ki, hər saat yeni bir müharibə cəbhəsinin açılma ehtimalı artır:
"İran sakit dayanıb bu vəziyyətin gedişatını seyr edə bilməz".
Açıqlamanı “Sherg.az”a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, ABŞ-nin Aralıq dənizindəki təyyarədaşıyan gəmiləri və Qərbin İsrailə tam dəstək verməsi əslində Livandakı “Hizbullah”a, xüsusən də İrana qarşı görülən bir tədbirdir:
“Qərb region ölkələrinə “biz buradayıq” İsrailin Qəzzadakı müharibəsində iştirak etməyin mesajını verir.
İsrailin Qəzzada əməliyyatları davam edərsə, ordu qurudan hücuma keçərsə, “Hizbullah” və İranın müdaxilə ehtimalı var. Bu mənada İran xarici işlər nazirinin bəyanatı əslində yeni deyil. Daha öncə “Hizbullah” da belə açıqlama vermişdi. Yəni bu ehtimal yüksəkdir. Lakin belə bir regional müharibəyə qərar verəcək İsrail və Netanyahudur”.
Analitikin sözlərinə görə, İsrail uzun müddətdir ki, İranı təhlükəsizliyinə təhdid kimi görür:
“Həmçinin hər zaman Suriyada İran və Hizbullah infrastrukturuna davamlı hücumlar edir. Ona görə də İsrailin geri addım atması mümkün olmaya bilər. Yəni belə bir risk hələ də mövcuddur. Digər ərəb ölkələrinin belə bir müharibəyə girməsi ehtimalı isə çox azdır. Məsələn, Suriyanın döyüşə gücü, Əsədin isə iradəsi yoxdur. Eyni zamanda Rusiyanın da belə bir müharibədə olacağını düşünmürəm. Çünki Rusiyanın Fələstin, İran və İsraillə münasibətləri artıq kifayət qədər yaxşıdır. “Üçüncü Dünya Müharibəsi”nin mümkünlüyünü müzakirə etmək üçün isə hələ tezdir”.
Qeyd edək ki, İran bundan öncə də bir neçə dəfə bu cür təhdidvari açıqlama verib.