Qəzzada vəziyyətlə bağlı etirazlar və nümayişçilərin binaya hücumu ilə əlaqədar ABŞ Türkiyənin Adana şəhərində yerləşən konsulluğunun işini müvəqqəti dayandırmaq qərarına gəlib.
Bu barədə Amerika diplomatik missiyasının saytında məlumat verilib.
"ABŞ-nin Adanadakı Konsulluğu növbəti bildiriş gələnə qədər ziyarətçilər üçün bağlı olacaq. ABŞ vətəndaşları bu ölkənin Ankaradakı səfirliyində görüşlərini başqa vaxta keçirə bilərlər", - konsulluğun açıqlamasında deyilir.
Həmçinin qeyd edilib ki, növbəti bir neçə həftə ərzində bütün Türkiyədə İsrail və Qəzza zolağında baş verən hadisələrlə bağlı böyük nümayişlər gözlənilir.
Diplomatik missiya Türkiyədəki ABŞ hökumət işçilərinə hərəkəti minimuma endirməyi və Adana konsulluq dairəsinə getməməyi əmr edib.
Hadisəni "Sherg.az"a şərh edən türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, Amerikanın Adanadakı konaulluğunu bağlaması Türkiyəyə yönəlik bir addım deyil:
"Bilirsiniz ki, Adanada "İncirlik" hərbi bazası var və orada yaşayan amerikalı əsgər sayı çoxdur. ABŞ də Qəzza hadisələri səbəbiylə Adanada baş tutacaq nümayişlərdə amerikalı əsgərlərə qarşı hansısa, təhdidin önünü almaq üçün konsulluğu müvəqqəti olaraq bağlamağa məcbur qalıb. Ümumiyyətlə konsulluq Amerika vətəndaşlarına xidmət edən bir qurumdur və Türkiyə ilə əlaqəsi yoxdur".
Ekspert əlavə edib ki, ABŞ-nin səfirlik açıqlaması vətəndaşlarına Türkiyədəki Qəzza çıxışlarına qarşı ehtiyyatlı olmağa çağırışdır:
"Xatırlayırsınızsa, bir neçə gün öncə İstanbuldakı İsrail konsulluğuna qarşı ciddi bir hücüm oldu və polis gücdən istifadə etmək məcburiyyətində qaldı. Sabahkı cümə namazından sonra Türkiyədə ciddi nümayişlər gözlənilir. Bu səbəblə də Amerika öz vətəndaşlarının təhlükəsizliyi baxımından çağırış edib. Hadisənin əsl mahiyyəti budur".