Prezident Salome Zurabişvilinin həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməsi öz seçicilərinə daha bir xəyanəti olacaq.
Bunu Gürcüstanın hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Partiya sədri Prezidentin “qırmızı xətt”i keçməyəcəyinə ümid etdiyini deyib.
Kobaxidze qeyd edib ki, Salome Zurabişvili dövlət institutlarına və Konstitusiyaya müharibə elan edib və bu gün baş tutan uğursuz impiçment səsverməsi ilə dövlət “10:0 uduzub”.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, hökumətin Salome Zurabişvilinin sabiq Prezident Mixeil Saakaşvilini əfv etməsi ilə bağlı müəyyən məlumatının olduğu görünür:
"Məhz ona qarşı başladılmış kampaniyada bunun bir hissəsi dir. Əsas məqsəd bu məsələnin qarşısını almaq idi. Ona görə də, onun impiçment məsələsini gündəmə gətirdilər və konstitusiya məhkəməsinə çıxardılar. Amma parlamentdə məsələ yerinə yetirilə bilməyib. Çünki "gürcü arzusu" hakim partiya kifayət qədər impiçment üçün lazım olan çoxluğu əldə edə bilməyib.
Salome Zurabişvili və hökumət arasındakı münasibətlər bir neçə müddətdir ki, yaxşı deyil. Xüsusilə də, Rusiya və Qərbə münasibətdə fikir ayrılıqları mövcuddur. İki hökumət Rusiya ilə aviareyslərin açılmasının tərəfdarıdır. Eyni zamanda hakimiyyətin qəbul etdiyi qanunlar Rusiya qaydalarına daha yaxındır. Amma Prezident daha çox Qərb yönümlüdür. Prezident bütün məsələlərdə hökumətin əleyhinə çıxışlar edir. Bu isə öz-özlüyündə dövlət böhranı yaradır. İrakli Kobaxidzenin açıqlamaları bununla əlaqəlidir. Prezident Salome Zurabişvili Mixeil Saakaşvilinin əfv edilməsində qətiyyətlidir və buna görə çalışacaq. İmpiçment məsələsi alınmadığına görə Saakaşvilinin əfv olunması gözlənilə bilər. Belə olan təqdirdə İndiki hökumət ilə Prezident arasında münasibətlər daha da gərginləşəcək. Sadəcə olaraq hökümət istədiyini əldə edə bilmədiyinə görə Salome Zurabişvilini fikrindən çəkindirməyə çalışırlar".