Türkiyə ordusu Fələstinə yardım etməyə hazırdır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbə bildirib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında həm humanitar yardım, həm də təxliyə məsələlərində iştirak etməyə hazırdır.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu normal və təbii bir məsələdir:
"Türkiyə hər zaman Fələstinin yanında olub. İsrail Türkiyənin hümanitar gəmilərinə zərbələr endirdikdən sonra iki ölkə arasında münasibətlər kəskinləşmişdi. Ümumiyyətlə İsrail və Türkiyə əlaqələri zaman keçdikcə çox gərgin səviyyədə olub. Buna səbəb həm Fələstin məsələsi, həm də İsrailin YPG və PYD-yə dəstəyidir. Suriyanın şimalında olan terror təşkilatı YPG və PYD-yə əsas təstək verənlərin Amerika və İsrail olduğu heç kəsə sirr deyil. İsrail və Türkiyə münasibətlərini düzəltmək üçün müəyyən cəhdlər olub. Amma İsrail tərəfindən sivil insanların öldürülməsi, 2000-dən çox uşağın qətlə yetirilməsi və bunun Fələstində davam etdirilməsi Türkiyə hökumətini çox ciddi şəkildə narahat etdi. Buna görə də, Türkiyə ölkə olaraq Fələstinə dəstək vermək qərarına gəldi".
Analitik onu da söyləyib ki, Qərb dövlətlərinin buna münasibəti Türkiyəni maraqlandırmamalıdır:
"Çünki İsrail tamamilə "qırmızı xətt"i keçib. Qərb tərəfi Şimali Suriya, Şimali İraq, Liviya və Qarabağda Türkiyənin qarşısındadırlar. Qərb Türkiyə və müsəlman dünyası üçün edə biləcəyi bütün pislikləri həyata keçirib. Türkiyə dinə bağlı bir ölkədir. Biz isə təəssüf ki, əsrlərdir dinindən qopmuş bir əhaliyik. İndiki Fələstin və İsrail olan ərazi Türkiyənin olub. Orada Türkiyənin himayəsi altında heç bir qətliam baş verməyib. Osmanlı xilafətində istər müsəlmanlar, istərsə də xristianlar rahat şəkildə yaşayıblar. Amma həmin torpaqlardan türklər getdikdən sonra orada müsəlmanın qanı tökülüb. Türkiyə müsəlman ümmətinin ayrılmaz və əsas hissəsi olduğuna görə, əlbəttə ki, İsrailə qarşı münasibəti kəskin olmalıdır. Həmçinin, Ərdoğan Türkiyəsi başqa cür hərəkət də edə bilməz".