İsrail Türkiyədə olan bütün diplomatlarını geri çağırıb.
TurkicWorld-ə məlumatına görə, Qəzzada quru əməliyyatına hazırlaşan İsrail, Türkiyə də daxil olmaqla, bölgə ölkələrindən bütün səfir və diplomatlarını geri çəkməyə qərar verib.
Bildirilib ki, diplomatlar ölkəni iki ölkə arasında yaranmış diplomatik böhrana görə deyil, təhlükəsizlik baxımından tərk edəcəklər.
İsrail səfiri İrit Lillian və digər diplomatlar Türkiyəni tərk edib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Yaxın Şərqin xüsusilə də, İsrail və Fələstin yerləşən bölgəsində istənilən bir münaqişə bütün aspektlərdən baş verir:
"Təkcə Qüds (Yerusəlim) həm dini, həm də digər baxımlardan bir mübarizə mərkəzidir. Təzad isə orasındadır ki, heç kəs həmin şəhərə ziyan vurmaq istəmir. Mübarizə əslində Qüds üzərindən gedir, ancaq oraya heç vaxt bir güllə belə atılmayıb. Digər tərəfdən Yaxın Şərq dünyanın perspektiv cəhətdən ən faydalı tranzit mərkəzinə çevrilə biləcək bir yol formalaşdıra bilər. Hindistanda keçirilən son G20 sammitində Amerika tərəfindən ortaya atılan Hindistan, Avropa və Yaxın Şərq tranzit layihəsi də buna sübutdur. Hətta bu göstərdi ki, bölgədən keçməklə böyük bir tranzit layihənin başlanmasına start verilə bilər. Bu da ümumi geosiyasi münaqişənin ortaya çıxmasına gətirib çıxarır. Çünki Amerika Türkiyə dövlətini layihədən kənar saxlamaq istəyir və qardaş ölkənin burada marağı tapdalanır. Amerika isə bunu İsrail dövlətinin əli ilə həyata keçirməyə çalışır. Belə olan halda Türkiyə və İsrailin maraqları tərs düşən ölkələrə çevrilirlər. Amma Türkiyə İsrail münasibətlərinin tarixi anspekti də var. Türkiyə dövlətində hələ də belə bir yanaşma var ki, Osmanlı kimi böyük imperiyanın dağılmasında etnik yəhudilər böyük rol oynayıb. İki xalqın heç zaman barışmaması üçün bu yanaşma tarixi cəhətdən zəmin formalaşdırır".
H. Səhrablı onu da qeyd edib ki, hər iki ölkə Yaxın Şərqə nəzarət etmək və bölgədə güclü dövlətə çevrilmək istəyir:
"Qərb tərəfindən təcrid edilmiş İran reallığında İsrail çalışır ki, onu ram edib öz nəzarətinə alsın. Türkiyə də bölgədəki vacibliyini qorumaq üçün İranın üzərində hansısa dövlətin güc formalaşdırmasını qəbul etmir. İndiki vəziyyətdə Türkiyə və İsrail arasında gələcəkdə müsbət bir şeyin olacağını gözləmək mümkün deyil. Çünki son vaxtlar biz iki dövlət arasında müəyyən qədər yaxınlaşmalar gördük. Amma bir müddət sonra Fələstində HƏMAS radikal təşkilatı hücüm etməklə bölgəni qan çanağına çevirdi. HƏMAS-ın qeyri insaniliyi digər tərəfin də adekvat cavabları ilə nəticələndi. Hər iki ölkə müharibə cinayətləri işləməkdədirlər. Burada isə İsrail və Türkiyənin dövlət maraqları üst-üstə düşməyəcəkdi. İsrail vətəndaşlarının və diplomatik korpusunun təxliyə olunma qərarı da məhz bundan doğur. İsrail tərəfi yaxşı başa düşür ki, Türkiyənin millət və dövlət olaraq mövqeyi onun vətəndaşları üçün təhlükəlidir. Çünki qardaş ölkədə də radikal qüvvələr təxribatlar törədə bilər. İsrail isə Türkiyə ilə münasibətlərini qarşıdurma səviyyəsinə çatdırmaq istəmir. Buna görə də, müəyyən tədbirlər görür. İsrail böyük qarşıdurma olmasın deyə, bölgədə atdığı addımlarda Türkiyəni nəzərə almalıdır".
Qeyd edək ki, İsrail vətəndaşları dünən və srağagün İstanbuldan reyslərlə Türkiyəni tərk ediblər.