Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə vəzifəyə təyin olunub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, iki ölkə arasında hərbi təlim, yardım və məsləhətləşmə fəaliyyətləri davam edir.
Məlumata görə, Azərbaycanla kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb.
Qardaş ölkənin Milli Müdafiə Universitetinin prorektoru, professor Tələt Canbolat isə Azərbaycan Milli Müdafiə Universitetində vəzifəyə təyin olunub.
Hər iki şəxsin fəaliyyət müddəti bir il nəzərdə tutulub.
Məsələyə münasibət bildirən hərbi ekspert Telman Qasımov "Sherg.az"a söyləyib ki, bu bir daha iki dövlətlərarası hərbi əməkdaşlıq üçün gedən davamlı islahatların bariz nümunəsinin göstəricisidir:
"Tərəflər arasında Şuşa bəyannaməsindən sonra növbəti ən uğurlu addım kimi bunu qiymətləndirmək olar. Bu tək texniki deyil, həm kadrların, həm də mütəxəssislərin hazırlanması məsələsində iki qardaş ölkənin Müdafiə Nazirlikləri səviyyəsində əməkdaşlığının inkişaf etməsi deməkdir. Azərbaycanlı yüksək rütbəli şəxs Türkiyənin hərbi təhsilində olan praktiki və teorik məsələləri yaxından öyrənib yenidən geri qayıdacaq . Daha sonra həmin təcrübəni Azərbaycanda həyata keçirməsi olduqca vacib amil olacaq. Çünki Azərbaycan ordusunun Türkiyə modelinə keçməsi ilə bağlı qərar artıq verilib. Burada əsas məsələlərdən biri kadrlar və digər sahələrdə inteqrasiyası olunmaqdır. Bu İnteqrasiya məsələlərinə və qarşılıqlı təcrübələrin bölünməsinə görə yerində verilmiş qərardır. İki ölkə arasında kadr dəyişikliyi Azərbaycan ordususun Türkiyə və NATO sisteminə inteqrasiya etməsini bir daha sübut edir. Qarşılıqlı hərbi əməkdaşlıq bizim üçün yalnız xeyir gətirəcək. Bu məsələni çox alqışla qarşılayır və dəstəkləyirəm. Yaşasın Azərbaycan, Türkiyə və Azərbaycan-Türkiyə qardaşlığı!".