Fransa və Ermənistanın mina siyasəti  - Bu cinayət oxşarlığı...

"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir".

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.

"Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür", - dövlət başçısı qeyd edib.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Prezidentin bu açıqlamasını çox yüksək dəyərləndirir:

"Əlcəzairdə 5 milyona yaxın minanın basdırıldığını hər kəs çox gözəl bilir. Bu ölkə Fransanın indiyə qədər işğalından və müstəmləkəsi olmaqdan əziyyət çəkir. Onların müstəqillik savaşında milyonlarla insan qətlə yetirilib. Minalar indiyə kimi mülki əhaliyə böyük zərbə endirib. Ermənistan tərəfi də bölgəni tərk edən zaman əraziyə bir milyon yarım mina basdırıb. Minanın təmizlənmə prosesi illərlə davam edəcək. Fransa və Ermənistanın bu oxşarlığı insan qətlinə yönəlmiş  işğal siyasətinin göstəricisidir. 
Eyni hərəkətlər hələ də təkrar olunur. İstisna deyil ki, Fransanın Ermənistana olan məhəbbəti işğalçılıq və mülki əhaliyə qarşı münasibət ilə də sıx bağlıdır. Ermənistan dövləti də indiyə qədər mina xəritələrini Azərbaycana verməyib. Bundan sonra da inanmıram bu sahadə müsbət addım atsın. Həmçinin, yeni basdırılan minalar işğalçı rejimin oradakı hakimiyyəti ilə bağlıdır. Hətta üçtərəfli sazişdən sonra belə  Azərbaycana minalar  gətirilərək basdırılıb. Ermənistan yollara minalar basdırmaqla yenidən müharibəyə və mülki şəxsləri qətlə yetirməyə hazırlaşırdı".