Qarabağdan köçən qardaş və bacılarımız üçün prioritet xərcləri qarşılamaq məqsədilə yeni maliyyə yardımı proqramına başlayırıq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində deyib.
“Noyabr və dekabr ayları ərzində yaşayış və kommunal xərclər üçün nəzərdə tutulmuş vəsaitdən əlavə dövlət büdcəsindən hər bir şəxsə 50 min dram (təxminən 120 dollar) ayrılacaq. İstisna bank hesabında müəyyən həddi aşan, dövlət tərəfindən təmin edilmiş sığınacaqlarda yaşayan və ya dövlət qayğısı altında olan şəxslər və onların ailə üzvləri olacaq”, - o bildirib.
Paşinyan qeyd edib ki, Qarabağdan köçənlərə uzunmüddətli mənzil təminatı məsələlərini müzakirə etməyə başlayacağıq:
“Ümid edirəm ki, Qarabağdan olan “məcburi köçkün” qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar. Təbii ki, hökumət də bu məsələdə mümkün tədbirlərə kömək edəcək”.
Ermənistan mətbuatı isə qeyd edir ki, dövlətin verdiyi mənzildə məskunlaşan vətəndaşlar pul almayacaq, öz hesabına mənzil kirayə tutanlar isə alacaqlar.
Bu açıqlamaların gözlənilən olduğunu vurğulayan politoloq Aytən Qurbanova "Sherg.az"a açıqlamasında bildirib ki, belə çıxışlar Ermənistanın “etnik təmizləmə” şousunun davamı olaraq da qiymətləndirilə bilər:
"Təbii ki, Paşinyanın əsas hədəfi Qarabağdan gələn ermənilərin ehtiyaclarının qarşılanması deyil, o bu vasitə ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışır. Diqqət ediriksə, 24 saatlıq atiterror tədbirləri nəticəsində bütün ərazilərimiz üzərində suverenliyimizi bərpa etdikdən sonra Avropanın riyakar siyasətinin də əsas hədəfi məhz bu istiqamətə çevrilib. Digər tərəfdən, həmin şəxslərə ödəniləcək vəsait Ermənistan hökuməti üçün heç də yeni reallıqdan irəli gələn yanaşma deyil".
Analitik onu da qeyd edib ki, həmin şəxslərin böyük əksəriyyəti işğal dövründə erməni lobbisinin maliyyəsi hesabına aylıq ödəniş müqabilində Qarabağ ərazisinə köçürülmüş gəlmə ermənilərdir:
"İndi də həmin vəsaiti Ermənistan ərazisində yaşamaq üçün alacaqlar. Yəni eyni mərkəzdən təlimat əsasında idarə olunan bu ermənilərin böyük əksəriyyəti heç Qarabağ sakinləri belə deyillər. Onlar Suriyadan, Livandan və dünyanın fərqli yerlərindən məqsədli şəkildə Qarabağa köçürülmüş ermənilərdir. Məhz bu səbəblə də onların Qarabağdan Ermənistana sürətli şəkildə keçidi ilk növbədə Ermənistanın və onun havadarlarının maraqlarına uyğun gəlir. Birincisi, həmin şəxslərin keçmişi və Qarabağa bağlılığı araşdırıldığı zaman işğal dövründə süni məskunlaşma ilə bağlı həqiqətlər sürətli şəkildə ortaya çıxacaqdı. İkincisi, bu şəxslərin Qarabağ “sakin”i missiyası indi də Qarabağ “qaçqını” missiyası ilə əvəz olunacaq və beləliklə də, əsrlərdir davam edən “məzlum erməni” obrazı qorunacaq. Ona görə də, belə çıxışların hədəfi də, məqsədi də hər kəsə məlumdur".