Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk -2023” birgə taktiki təlimin “Yüksək səviyyəli müşahidəçi günü” başa çatıb.
Oxu.Az-ın məlumatına görə, təlimə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunublar.
Təlimdən sonra Azərbaycan və Türkiyə istehsalı olan silahlar nümayiş olunub.
Türkiyə ilə ortaq təlimləri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, bu Azərbaycan ordusunun döyüş qabiliyyətinin və peşəkarlığının yüksəlməsinə olduqca müsbət təsir göstərən önəmli faktordur:
"Çünki Türkiyə ordusu NATO standartlarına malikdir. Yəni, Türkiyə ilə ortaq təlimlər sayəsində Azərbaycan ordusu da böyük sürətlə NATO standartlarına yaxınlaşır.
Təbii ki, bu, həm də siyasi məkana təsir göstərən həlledici faktorlardan biridir. Hər bir ölkənin xarici siyasətinin arxasında ordu və iqtisadiyyat dayanır. Əgər, ordu və iqtisadiyyat güclüdürsə, xarici siyasət də öz təsirini artırmaq imkanları qazanır. Beynəlxalq məkanda birmənalı şəkildə yalnız güclülər ilə hesablaşırlar. Bu baxımdan, Azərbaycan ordusu gücləndikcə, rəsmi Bakı beynəlxalq məkanda öz siyasi iradəsini daha əminliklə diqtə etmək şansı qazanır.
Xüsusilə də, Cənubi Qafqazda Azərbaycan artıq şəriksiz hegemon geosiyasi güc mərkəzi hesab olunur. Ermənistan və onun beynəlxalq himayədarları indi Azərbaycan qarşısında aciz duruma düşüblər. Həmçinin, Azərbaycanın Türkiyə ilə ortaq təlimlərini həm hərbi, həm də siyasi cəhətdən ciddi təhlükə olaraq, qəbul etdiklərini gizlətmirlər".