İran vicdanlı qadınları damğalamağa çalışır  - Güneydə susdurulan Röya...

Bir müddət öncə Təbrizdə məcburi hicab tələbindən imtina etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən döyülərək psixiatriya xəstəxanasına aparılan Röya Zakerinin vəkili ilə görüşməsinə icazə verilməyib.

Röya Zakeri Təbrizin Təhlükəsizlik və Kəşfiyyat (ETTELAAT) İdarəsinə aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Güneyli vəkil Sina Yusifi “X” hesabında Röyanın həyatının təhlükədə olduğunu yazaraq, onun barəsində məlumat paylaşıb.

“Röyanın vəkillə görüşünə icazə verilmir. Ötən il payızda kütləvi etirazlara qatıldığına görə işlə təmin olunmayıb. Röyanın vəziyyəti barədə düzgün məlumat verilmir. Ona görə də həyatı təhlükədədir. Onun səsi olaraq hakimiyyət tərəfindən işgəncə verilməsinə və həyatının itirilməsinə mane olmalıyıq”, - deyə o bildirib.


Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili söyləyib ki, Röya Zakeri Azərbaycanın çox dəyərli qızıdır:

"O, universitetdə kompüter mühəndisliyini oxuyub. Məcburi hicaba etiraz etdiyinə görə işindən azad olunaraq keçən il həbsdə saxlanılıb. İran dövlətində həbsdə olan insanlar çox ciddi əziyyət və işgəncələrə məruz qalırlar. Eyni zamanda azadlığa çıxdıqdan sonra sosial, ailə və iş həyatları məhv olur. Bizim cəmiyyətdə qadınlar üzərində həssaslıq çoxdur. Ümumiyyətlə İran vicdanlı və cəsarətli qadınları həmişə bir vasitə ilə damğalamağa çalışır. 
Hətta bəzən siyasi qadınları əxlaqı cəhətdən kirli olaraq qələmə verirlər. Buna səbəb isə onları cəmiyyətdən kənarlaşdırmaqdır. Röya Zakeri İranda yaşayan azərbaycanlı qadınların vicdanının səsidir. Çox xanımın məcbur qalıb baş əydiyi hadisələri Röya Zakeri küçənin ortasında bağıra bilib. Reallıqların üstünü örtmək üçün, Röya Zakeriyə psixatrik xəstə damğası vurublar. Sonra isə xanımı Kəşfiyyat Nazirliyinin həbsxanasına aparıblar. Röya və onun ailəsi indi çox pis şəkildə təhdidlər alır. İran dövlətin məqsədi təhdid və hədə vasitəsilə qadınları dəli, əxlaqsız göstərərək toplumda səslərini batırmaqdan ibarətdir. Buna görə də heç kəs səsini çıxara bilmir. Çünki hər etiraz edən insan ya təhdid olunur, ya da edama məruz qalır.  İran rejimini qəbul etməyən hər bir şəxs bu təhdidlər ilə iç-içə yaşayır".