“Bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
“Hazırda sənəd üzərində aktiv iş gedir”, - deyə N.Paşinyan qeyd edib.
O bildirib ki, tezliklə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasında müsbət irəliləyişlər ola bilər.
N.Paşinyan Ermənistanın regionda bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlı olduğunu bəyan edib.
“Cənubi Qafqazda gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin etmək üçün Ermənistanın hüquq-mühafizə orqanlarında bölmə də yaradılır”, - deyə N.Paşinyan əlavə edib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlaması zamanı siyasi şərhçi Azər Həsrət bildirib ki, Ermənistan baş nazirinin səsləndirdiyi bu fikirlər, o qədər də, yeni sayılmır:
"Çünki ,o, bütün çıxışlarında bildirir ki, çox qısa müddətdə Azərbaycan ilə sülh sazişi imzalamağa hazırdılar. Hətta indi hazır sənəd üzərində müzakirələrin getdiyini deyir. Amma təəssüflər olsun ki, 3 ilə yaxın müddət keçməsinə rəğmən sülh müqaviləsi bağlanmayıb. Buna səbəb isə Ermənistan həmin sazişi hər iki tərəf üçün uyğun şərtlərdə imzalamağa hazır olduğunu göstərəndə, onun arxasındakı dövlətlər, xüsusilə də Fransa prosesə əngəl olur. Ermənistan hələ də Fransanın əsarətindən qurtula bilmir. Faktiki olaraq qərar verən Nikol Paşinyan hakimiyyəti yox, başının ağası olan Fransa və ona bənzər dövlətlərdir. Ona görə də, Paşinyanın səsləndirdiyi fikirlər onun arzusudur. Eyni zamanda Nikol Paşinyanın bu sülhə hazır olduğunu da əminliklə demək olar. Lakin Ermənistan üçüncü tərəfə aldanmamalıdır. Əgər Fransa və onun kimi dövlətlər işin üzərindən çəkilsə, Azərbaycan Ermənistan arasında sülh sazişinı bağlamaq elə də çətin olmayacaq. Azərbaycanın bu sahədə mövqeyi açıq şəkildə bəllidir. Ermənistan da real olaraq bununla razılaşır. Belə olan halda geriyə sadəcə sənədi imzalamaq və rəsmiləşdirmək qalır. Əlbəttə, Azərbaycan hər zaman bəyan edir ki, hər iki tərəfi qane edəcək sülhə hazırdır. Ermənistan da qeyd edir ki. buna razıdırlar.Elə olan halda buyursunlar masa arxasına. Amma onlar bunu icra etmək istəyən zaman Fransa hansısa dağıdıcı addım atır və saziş imzalamır. Nikol Paşinyanın dediyini istək kimi qəbul edirəm. Bunu gerçək etmək üçün Nikol Paşinyan üçüncü tərəfləri zərərləşdirməlidir".